Kabab qanlı, igid canlı...

İngiltərədə kabab festivalının qalibi kişi yox, qadın olub

Fatma Güngör: "Türk mətbəxinin o qədər gözəl ləzzətləri var, onları təqdim edəcəm"

Ankara Anlaşması şərtləri daxilində ilə 5 il əvvəl Böyük Britaniyaya köçən türkiyəli Fatma Güngör “British Kebap Awards – İngiltərə Kabab Ödülləri” yarışmasının qalibi olub. Fatma Güngör həm də bu yarışmada qalib olan ilk qadındır. “Heç vaxt kababçı olmaram, demişdim, demək ki, böyük-böyük danışmışam”, söyləyən Fatma Güngör həyat hekayəsini anladıb. “Şərq” Milliyet.com”a istinadən türk iş qadınını uğura aparan yola işıq salıb. Fatma Güngör əslən Türkiyənin İzmir bölgəsindəndir. Peşəsi şef aşbazlıqdır. Aşbazlığa Türkiyədə başlayıb. 

Bir kafe, restoran açmaq ən böyük xəyalıymış. Türkiyə ilə Avropa ölkələri arasında mövcud olan Ankara Anlaşmasına uyğun olaraq (bu anlaşma ölkələr və xalqlar arasında yaxınlaşmanı da nəzərdə tutur) İngiltərəyə gəlib və burada bir neçə restoranda aşbaz olaraq çalışıb. Pandemiya dövründə karantin rejimi səbəbindən bir çox iaşə obyektləri müflisləşib. F.Güngör belə bir çətin zamanda müflisləşməyə doğru gedən bir restoranı satın alıb və işə başlayıb. Çox çətin olub, amma o, bacarıb. Şəxsi restoranını açmağın sevincini yaşayıb.

 F.Güngör bunu avantaj hesab edir: “Şəxsi restoranın varsa, daha güvənlisən.  Restorana ev sahibliyi etmək əlavə üstünlüklər verir, bu işi bacardığının fərqinə varırsan və qorxmursan. Başqa birinin “əlinin altında” deyilsən artıq, azadsan və qərarları özün verirsən. Şəxsi iradəylə sahibləndiyi şeyləri görmək güvən hissini artırır”. F.Güngör restoranını türk mətbəxi olaraq işlədib, lakin burada kabab da bişirilib, müştərilərə təqdim edilib. İngiltərədə türklərin ən məşhur və daha çox tələb olan yeməyi məhz kababdır. Orada türk kababçıları çoxdur. Amma yalnız kabab, ya da dönər bişirib satırlar. F.Güngörün üstünlüyü türk mətbəxinin digər yeməkləri ilə yanaşı menyüdə kababın da olmasıdır. 

F.Güngör B.Britaniyada 10 ildir düzənlənən kababçılar yarışmasına da qatılıb. Və qalib olub. “İngiltərəyə gələndə “mən kababçı olmayacam. 

Türk mətbəxinin o qədər gözəl ləzzətləri var, onları təqdim edəcəm. Niyə bizi ancaq kababla tanımalıdırlar?” dedim, amma böyük danışmışam. Mükafatı məhz kabab bişirmədə aldım” deyən F.Güngör işlətdiyi restoran sayəsində ingilislərin türk mətbəxinin digər ləzzətləri ilə də tanış olduqlarını və türk mətbəxini çox bəyəndiklərini, müştərilərinin çoxunun Türkiyəyə səfər edib yeməklərdən dadanların olduğunu söyləyib: “İngilislər bir şeyi bəyəndisə, ondan asanlıqla əl çəkməzlər. 

Türkiyədə səfərdə olub, yeməklərimizin ləzzətini dadanlar restorana gəlir. Türkiyədəki yeməklərdən sifariş edirlər”.