Koronavirus dövründə vərəmli xəstələrin sayı azalıb

Mərdan Əliyev: "Əsas səbəb qoruyucu vasitələrdən istifadə etmək olub"

Paytaxtda Yaponiya-Azərbaycan Dostluq ili -2022 kontekstində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, ötən il 658 nəfərdə dərmana davamlı vərəm aşkar edilib. Dərmana davamlı vərəm xəstələrindən 964 nəfəri müalicəyə qoşulub. İnstitut direktoru qeyd edib ki, vərəm xəstələri arasında kişilər üstünlük təşkil edir: 

“Yaş aralığında baxdıqda isə yoluxanların əsasən 18-24 yaş arasında olduğunu görmək olar. 2020-ci ildə 430 nəfər vərəmdən vəfat edib.  Azərbaycanda hazırda təxminən 5 minə yaxın vərəmli xəstə var. Ötən il 1467 nəfərdə ilkin ağciyər xəstəliyi aşkar edilib: "BMT-nin vərəmlə bağlı siyasi bəyannaməsi var. Onlardan biri bu idi ki, beş il ərzində 40 milyon xəstənin müalicəsi təmin edilməli idi. Vərəmlə mübarizəyə ayrılan vəsait ildə 16 milyon dollara çatdırılmalı idi. Lakin COVID-19 pandemiyası vərəmlə mübarizə tədbirlərinə mənfi təsir edib. COVID-19 pandemiyası dövründə Azərbaycanda vərəmin aşkarlanması sayı aşağı düşüb. Bu da COVID-19 pandemiyası ilə bağlı idi”.

2021-ci ildə cəzaçəkmə müəssisələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb. Bu barədə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev danışıb. R.Mehdiyev onu da bildirib ki, vərəm hallarının sayı, o cümlədən, "açıq formalı və ÇDD formalı vərəm hallarının sayı kəskin azalıb. 2021-ci ildə bütün vərəm hallarının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə azalıb. R.Mehdiyev qeyd edib ki,  cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə mərkəzləşmiş mübarizə modeli əsasında qurulub: 

"Vərəmin aşkarlanması daha erkən baş tutsa, mübarizə də daha effektiv olur. Şəxslər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılandan sonra da vərəmlə mübarizə tədbirləri davam etdirilir. Keçmiş məhbusların sonrakı dövrdə müalicəsi xüsusi əhəmiyyət daşıyır. Yaponiya istehsalı və vərəmin müalicəsində effektiv rola malik tibbi cihaz bizim də diqqətimizi çəkir". Konfransda iştirak edən ÜST-nin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, vərəm artıq texniki məsələ deyil: "Koronavirus pandemiyası dövründə vərəmlə yoluxma sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alındı. Vərəm artıq texniki problem deyil, onun müalicə edilməsi üçün müayinə imkanları var. "COVID”lə mübarizədə biz peyvəndlər və dərmanlar hazırlamalıydıqsa, vərəmin müalicəsi üçün peyvənd və dərmanlar baxımından da bütün imkanlarımız var. COVID-lə mübarizədən fərqli olaraq vərəmi nəzarətdə saxlamaq mümkündür. Yalnız əməkdaşlıq etməliyik və diqqəti artırmalıyıq. İnnovasiya gələcəyin inkişaf açarıdır və ancaq bu şəkildə irəliləyə bilərik. Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin mütəmadi şəkildə nəzərdən keçirilməsi yaxşı haldır. Biz Azərbaycanda vərəmə nəzarət sahəsində görülən işləri və vərəmlə bağlı qanunvericiliyi yenidən nəzərdən keçirməyə hazırıq. 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, son 15 ildə ölkədə vərəmlə mübarizə çərçivəsində bir çox müsbət addımlar atılıb. Əvvəlki illərin statistikası ilə müqayisədə hazırda Azərbaycanda vərəmin rastgəlmə tezliyi və ölüm göstəricisi əhəmiyyətli dərəcədə azalıb. Nazir müavini qeyd edib ki, vərəmin müalicəsi ilə bağlı aidiyyəti qurumlar birlikdə fəaliyyət göstərməlidir. Vərəmə qalib gəlmək üçün təkbaşına vuruşmaq heç bir nəticə verməyəcək.

Koronavirus pandemiyası dövründə vərəmlə yoluxma sayında nəzərəçarpacaq dərəcədə azalma ilə bağlı “Şərq”ə danışan həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, bunun bir neçə səbəbi ola bilər: 

- Hesab edirəm ki, vərəmlə yoluxmada azalmanın müşahidə edilməsi pandemiya dövründə tətbiq edilən qorumalarla bağlıdır. Məlumdur ki, vərəmə hava-damçı yoluyla, yoluxmuş insanlarla yaxın təmas nəticəsində də yoluxurlar. 

Pandemiyada insanlar tibbi maskalardan, müxtəlif qoruyucu vasitələrdən geniş istifadə etdiklərindən yoluxma sayında azalma olması ehtimalı böyükdür. 

Həmçinin pandemiya dövründə insanlar daha çox koronavirusa diqqət ayırdı, koronavirusdan test verdilər, müalicə olunmağa üstünlük verdilər.

 Belə şəraitdə digər xəstəliklər istər-istəməz ikinci plana keçir, insanlar daha çox təhlükə gördükləri xəstəliklərə diqqət ayırırlar. Vərəmlə yoluxma sayındakı azalma bununla da bağlı ola bilər. 

Amma yenə də hesab edirəm ki, əsas səbəb qoruyucu vasitələrdən istifadə etmək olub.