“Covid yetimi” Azərbaycanda da var

Fərqanə Mehmanqızı: "Psixoloji yardımdan əlavə valideynini itirmiş uşaqların həm də sosial dəstəyə ehtiyacı var"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Koronavirusa yoluxma saynda, həmçinin ölüm hallarında nəzərəçarpan azalma, aktiv xəstələrin də əksəriyyətinin sağalması, stasionar müalicəni ambulator müalicənin əvəz etməsi, pandemiyanın "sönməyə" doğru getdiyini göstərir. Əlbəttə, bu, sevindirici haldır, müsbət tendensiyadır. Müsbət olan həm də budur ki, Azərbaycan koronavirus pandemiyasından daha az zərər çəkən ölkələrdən biridir.

Təbii ki, bu məsələdə hökumətin operativ addımları, dövlət səviyyəsində vacib məsələlərin həlli də müsbət təsirini göstərdi. Bununla belə amansız virus vətəndaşlarımızın həyatında, taleyində sağalmaz yaralar qoydu. Valideynlərin itirilməsi, dəyərli ziyalılarımızdan bir neçəsinin vəfatı, gənclərimizin həyatla vidalaşması ailələrə böyük faciələr, kədər yaşatdı. Daha çox hiss olunansa uşaqların valideynlərini itirməsi oldu. Valideyn, hansı yaşda olursa-olsun, həmişə valideyndir, bu, şəksizdir.

 Lakin bir var yetişki insanın ata və ya anasını itirməsi, bir də var yetkinlik yaşına çatmamış, hətta azyaşlının valideynsiz qalması. Azyaşlılar, yetkinlik yaşına çatmayanlar bu itkini daha ağır keçirir. Hazırkı statistikada Azərbaycanda koronavirusdan vəfat edənlərin sayının 9500-dən artıq olduğu qeyd edilir. Yoluxanların yaş kateqoriyasına gəlincə, 2021-ci ildə yoluxmaların 3 faizi 0-9 yaş, 8 faizi 10-19 yaş, 15 faizi 20-29 yaş, 22 faizi 30-39 yaş, 15 faizi 40-49 yaş, 16 faizi 50-59 yaş, 14 faizi 60-69 yaş, 5 faizi 70-79 yaş aralığında, 2 faizi 80 yaşdan yuxarı insanlardır. Orta hesabla daha çox orta yaş qrupu arasında yoluxma sayı yüksək olub. Məntiqlə bu da ölüm hallarının məhz orta yaş qrupuna aid insanlar arasında olduğunu söyləməyə əsas verir. Bu isə həm də o deməkdir ki, uşaqlar, yeniyetmələr arasında valideynini itirənlər olub. 

ABŞ-da bununla bağlı tədqiqat aparılıb. Tədqiqatlar dünyada 5 milyon 200 min uşağın koronavirus səbəbiylə valideynini itirdiyi reallığını ortaya qoyub. ABŞ-ın Kaliforniya Los-Anceles Univeristetinin uşaq reanimasiya şöbəsinin həkimi, professor Yonca Bulut xarici mediaya açıqlamasında son 2 ildə “Covid yetimi” ifadəsinin ortaya çıxdığını təəssüflə qeyd edib: 

- Təəssüf ki, “Covid” səbəbindən yetim qalmış uşaqlar haqqında “Covid yetimi” ifadəsi formalaşdı. Koronavirus bütöv nəsilləri təsiri altına aldı. "Covid", xüsusilə Amerikadakı sosial yaraları daha artıq göz önünə gətirdi. Onsuz da sosial sistem düz-əməlli deyildi, "Covid" səbəbiyləsə tamam çökdü. ABŞ-da 200 mindən çox uşaq ən azı valideynlərindən birini  itirdi. Hər 4 yetişkin insanın ölümü bir uşağı yetim qoydu. Dünyada isə "Covid yetimləri"nin sayı 5.2 milyona çatıb. Bir çox ölkələrdə məlum testlərin aparılmadığı nəzərə alınarsa, rəqəmin daha böyük olduğunu söyləyə bilərik. 2 ildir həyatımızdan heç cür çıxıb getməyən “Covid” üzündən ana-atasını itirən uşaqlar yoxsulluq və ruhi sarsıntıyla qarşı-qarşıyadır. Koronavirus bütöv bir nəslin həyatını alt-üst edib. Məktəblər bağlanıb, insanlar bir-biriylə ünsiyyətdən uzaqlaşıb, ailələr dağılıb. “Paralel pandemiya dediyimiz durum ortadadır. Ruhi sarsıntı keçirən, sosial problemlər yaşayan uşaqların sayı sürətlə artır. Xüsusilə də sosial-iqtisadi durumu aşağı səviyyədə olan uşaqlar çətinlik çəkir. Bu vəziyyət uşaqlar arasındakı ayrı-seçkiliyi daha da dərinləşdirir. 

Problemlə bağlı “Şərq”ə açqılama verən psixoloq Fərqanə Mehmanqızı qeyd etdi ki, valideynini itirmiş uşaqlara mütləq psixoloji yardım göstərilməlidir:  

- Valideyn itkisi həmişə uşaqlara mənfi təsir göstərir. Uşağın bu itkiyə reaksiyası xarakterindən asılıdır. Bəzən uşaqlar valideyn itkisini səssiz faciə kimi yaşayır, susqun olur, danışmır, həyatdan küsür, qohum-əqrəbadan soyuyur, hətta yaşıdlarından da uzaqlaşır, tənhalığa çəkilir. Valideynini itirən uşaq özünü yarımçıq hiss edir. Qanadları qırılır sanki. Ata-anası olan həmyaşıdlarına həsəd aparır. Bəzisi aqressivləşir. İstənilən halda bu, təhlükəli vəziyyətdir. 

Çünki uşaq özünə qapandıqda gözlənilməz davranışlar sərgiləyə bilər. Zərərli vərdişlərə qurşana bilər. Əvvəllər ailələr böyük idi, ata və ya ana vəfat etdikdə, uşaqlar nənənin, babanın, əmi-dayı, xala-bibi və sair yaxın qohumların himayəsində olurdu.

 Onlar uşaqlara qulluq göstərirdi, nəzarət edirdilər. Nəzərə alsaq ki, son illərdə ailələrdə kiçilmə prosesi gedir, yeni evlənənlər qayınana-qayınatadan ayrı qalmağı üstün tutur, uşaqların baba-nənəylə, qohum-əqrəbalarla əlaqəsi demək olar, sıfırdır, bir çox ailələr yalnız ata, ana, 1, uzaqbaşı 2 övladdan ibarətdir, ailədə hansısa faciə  baş verdikdə, təskinlik edəcək üçüncü şəxs tapılmır. 

 Varsa da, uşaqların onlarla mənəvi bağı zəifdir deyə, özlərini tənha, kimsəsiz hiss edirlər. Bu reallıqlar nəzərə alınmaqla pandemiyadan zərər çəkmiş uşaqlara mütləq psixoloji yardım göstərilməlidir. 

Bunu ailənin digər üzvləri, məktəb, bağça (uşağın yaşından asılı olaraq)  həyata keçirməlidir. Pandemiya təkcə xəstəlik deyil, bu həm də fiziki və psixoloji gərginlik yaradan amildir. Uşaqlar, yeniyetmələr arasında depressiya halları da bu səbəbdən artır. 

Psixoloji yardımdan əlavə valideynini itirmiş uşaqların həm də sosial dəstəyə ehtiyacı var. Məsələn, belə uşaqların təhsil xərclərinin, sosial ehtiyaclarının qarşılanması, onların aktiv sosial həyata adaptasiyasıyla bağlı zəruri işlər aparılmalıdır.