Həkim: "KOVİD-19-un Çindəki yeni dalğası bizim də “qapımızı döyə bilər”

Çində son bir gündə koronavirusa 23 107 yeni yoluxma halı qeydə alınıb.Bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat verib.Bildirilib ki, yoluxanların hamısı Çin sakinləridir, onlardan 29 nəfəri başqa ölkələrdən gəlib.Ən çox yoluxma ölkənin şimal-şərqindəki Tszilində (890) və Şanxayda (322) qeydə alınıb.Mütəxəssislər ölkədə epidemioloji vəziyyətin kəskinləşdiyini bildiriblər.

Bu xəbər dünyada koronavirus yeni dalğasının başlayacağına dair iddiaları gündəmə gətirdi.  

 Həkim-psixoterapevt Əli Nağıyev bu barədə “Sherg.az”a danışarkən bildirib ki,indi əvvəlki qədər qorxmağa dəyməz, çünki koronavirusun getdikcə yaranan yeni ştammlarının öldürücülük qabiliyyəti azalır: 

“Bu, bütün infeksiyalarda bir qayda olaraq belədir. Müxtəlif mövsümlərdə qrip infeksiyası ilə yaşamağa öyrəşdiyimiz kimi koronavirusla da yaşamağa öyrəşməliyik. Çindəki yeni dalğa ölkəmizə də gəlib çata bilər. O halda biz onu əvvəlki öldürücü dalğa kimi deyil, daha sakit,tamamilə qorxusuz şəkildə qəbul etməliyik. Qorxu heç bir halda immunitetimizə fayda vermir”. 

Həkim-psixoterapevtin sözlərinə görə,media da bu haqda məlumat yayarkən həmin məlumatları qorxulu yox, maarifləndirici şəkildə çatdırmalıdır:

"Bir daha vurğulayıram yeni koronavirus dalğaları əvvəlki qədər öldürücü təsir bağışlamayacaq. Elmə görə yeni virus ştamlarının əvvəlkilərlə nisbətdə öz sahibini öldürmək qabiliyyəti azdır.Çünki virusların özləri də yaşamaq istəyir. Sahibini öldürdükdə isə onların yaşamaq şansı olmur”.

Ə.Nağıyev diqqətə çatdırıb ki,h azırkı duruma qorxusuz və ayıq-sayıq yanaşıb,gigiyenik qaydalara tam əməl etməliyik.