Xəstə də, həkim də azərbaycanlı... - Türkiyədə qarşılaşdılar

 69 yaşlı Gülarə Fətullayeva əllərindəki titrəmələrdən uzun müddət əziyyət çəkib, müalicə olunub, dava-dərman qəbul edib. Lakin xeyri olmayıb. Əllərindəki titrəmə həyatını kabusa çevirib. Nəhayət Türkiyəyə gedib və dərdinə çarə tapıb. Həm də azərbaycanlı həkimin müalicəsiylə. Ölkədə 10 il aldığın müalicələr effekt verməyə, açmadığın həkim qapısı qalmaya, sonunda çarəni Vətəndən kənardakı həmyerlindən tapasan. Gülarə Fətullayevanın qəribə taleyini “Şərq” “Milliyet.com”a istinadən təqdim edir. G.Fətullayeva xəstəlik tarixçəsini danışıb: 

“Əllərim titrəyir deyə, bir iş görə bilmirdim. Əlim bir şey alsam, yerə salacam deyə, qorxurdum. Yemək hazırlaya bilmirdim, ev işləri görə bilmirdim. Gecələr yata bilmirdim. Ağrılarım başlayırdı. Yataqda dönə bilmirdim, ayağa qalxanda qorxurdum ki, birdən yıxılaram. 

Buna görə evdən bayıra da çıxmırdım. 10 il getmədiyim həkim, içmədiyim dərman qalmadı. Amma bir faydası olmadı. Mənə Türkiyəyə getməyi məsləhət gördülər. Bura gəldim. Burda “idiopatik parkinson” diaqnozu qoyuldu. 

Burda nevroloq həkim Nihat Mustafayev məni müalicə etdi. Bildim ki, həkim azərbaycanlıdır. Əl titrəmələri, ağrılarım demək olar yoxdur”, söyləyən G.Fətullayeva normal həyata döndüyünü deyib. Həkim N.Mustafayev isə bildirib ki, Parkinson xəstəliyi özünü büruzə verməzdən əvvəl əlamətləri başlayır. Bu ərəfədə insanda qəbizlik, yuxu pozuntusu, yuxudaykən qışqırmaq, qorxu hissi, qol və ayaqlarda nizamsız hərəkətlər yarana bilir. 

Belə insanlarda Parkinson xəstəliyinə tutulma təhlükəsi yüksəkdir. Əlamətlər özünü göstərdikdə, müayinə olunmaq lazımdır. Əgər Parkinson əlamətləri müəyyənləşərsə, dərhal müalicəyə başlanmalıdır. Erkən müalicənin təsiri daha qüvvətli olur. 

Digər mərhələlərdə də diaqnoz düzgün qoyulduqda Parkinson xəstəliyini müalicə etmək mümkün olur.  Parkinson müalicəyə tabe olan xəstəlikdir. Dərman preparatları, fizioterapiya ilə ağırlaşmanın qarşısını almaq olur, xəstə normal həyat şərtləri altında yaşaya bilir. 

Bu xəstəliyə 60 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Ancaq genetik  səbəblərlə 40 yaçdan sonra da yarana bilər. Hər titrəmə Parkinson xəstəliyi deyil. Bu xəstəlikdə titrəmələr bədən istirahət halındaykən baş verir.