Orqan transplantasiyası ilə bağlı xeyli iş görülməlidir

Rəşad Mahmudov: "Konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq"

“İnsan alveri ən çox gəlir gətirən alverlərdən biridir”. Bunu Milli Məclisin dünənki iclasında deputat Sahib Alıyev deyib. Parlament üzvü vurğulayıb ki, birinci Qarabağ savaşında itkin düşənlərin çoxu orqan alverinin qurbanı olub. Onun sözlərinə görə, cinsi istismardan sonra ikinci yerdə məhz insan orqanlarının alqı-satqısı gəlir: “Bu, dünyada çox təhlükəli həddə gəlib çatıb. Hətta “orqan köçürməsi turizmi” deyilən termin yaranıb. 

Bu, “qırmızı bazar” kimi qiymətləndirilir. Keçən il ABŞ-ın 92 senatoru ölkənin aparıcı universitetlərindən birində qanunsuz orqan transplantasiyası aparıldığı və bu zaman abortdan faydalandıqları ilə bağlı araşdırmayla əlaqədar sorğu göndərdilər. Bu onu göstərir ki, hətta qanunvericilik sistemi təkmilləşmiş ölkələrdə belə bu cür hallar mövcuddur”.
Sahib Alıyev qeyd edib ki, işğal altındakı ərazilər azad edildikdən sonra işğal dövründə erməni vandallarının qızıl dişlər üçün işğal altında olmuş ərazilərdə qəbirlərimizi dağıtması halları üzə çıxıb: “Biz orqan köçürmələrində həssas ölkəyik. Ona görə həssas ölkəyik ki, orqan alqı-satqısının qadağan olunmadığı ölkələrdən biri bizim qonşuluğumuzda yerləşir. Bizə müəyyən təhdidlər var. Eyni zamanda biz I Qarabağ savaşı zamanı itkin düşmüşlərimizin çoxunun orqan alverinin qurbanı olduğunu da bilirik. Biz belə vəhşiliklərlə üzləşmişik”.
 
“Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib...”

Millət vəkili Rəşad Mahmudov isə orqan transplantasiyası sahəsindəki əsas problemləri açıqlayıb. Deputat bildirib ki, orqan transplantasiyası ilə bağlı konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq: “Hər hansı regionumuzda avtoqəza nəticəsində həmin bölgədə xəstəxanaya yerləşdirilən şəxsin orqanları həmin xəstəxanada alına bilər. Amma bu, bizim qanunvericiliyimizdə yoxdur. Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir. Bu gün buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var. Beyin ölümü gerçəkləşdikdən sonra biz cəmiyyət olaraq yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik. Bu məsələ birinci həll edilməlidir. Maarifləndirmə işi gücləndirilməlidir. Bu problem həllini tapandan sonra növbəlilik və digər problemlər də həll olunacaq”. Deputat qeyd edib ki, bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir: “Bu Mərkəzdə növbəlilik məsələsi və digər məsələlər öz həllini tapacaq”.

“Hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”

Millət vəkili Asim Mollazadə deyib ki, “Human Rights Watch” Ermənistanda azərbaycanlı əsirlərin orqanları çıxarıldığına görə öldüyünü açıqlamışdı. Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.

“Cinayətlərə son qoyaq”

Deputat Razi Nurullayev də deyib ki, bu sahədə qanunsuzluqlara və cinayətlərə son qoyulmalıdır: “Müraciətlərdən bilirəm ki, yüzlərlə insanın orqana ehtiyacı var. Hətta orqanı onilliklərlə gözləyən vətəndaş var ki, Allah hələ də yaşamasına imkan verir. Qanun qəbul olunandan bəri bizdə xeyli orqan bazası toplanmalı və ehtiyacı olanlara verilməli idi. Amma görünən budur ki, deyəsən, məsələnin həll olunmasında ciddi çətinlik var. Bu çətinliyin mahiyyəti barədə məlumat verilməsini istərdim. Avtoqəzaya düşənlər var, könüllü orqan vermək istəyənlər, vəsiyyət edənlər və s. də var. Ola bilsin ki, maarifləndirmə sarıdan çətinlik var. Elə bilirəm ki, əgər sosial şəbəkələr və televiziyalar üzərindən təbliğat, maarifləndirmə aparılsa, ay ərzində yüzlərlə insan könüllü orqan bağışlamaq barədə ərizə yazar. Bu məsələni çox vacib hesab edirəm və aydın şəkildə bir izahat olsa, növbəti addımlar haqqında düşünər və təkliflərlə çıxış edərdik. Bir insana orqan bağışlamaq elə öz həyatını bu dünyada sürdürməyə bərabərdir".