Meymunçiçəyi hələlik Azərbaycanda "meymunluq" edə bilməz

Mərdan Əliyev: "Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır"

Qapı qonşumuz Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb.

Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb. Meymunçiçəyinin yoluxuculuğunu yüksək adlandırmaq olmaz. Buna görə təşvişə düşmək, pandemiya haqqında danışmaq tezdir”. 

 Bunu Gürcüstanın tanınmış həkimi İrakli Dartsmeliya meymunçiçəyi təhlükəsi ilə bağlı Oxu.Az-a şərhində deyib. Onun sözlərinə görə, əslində hazırda ciddi problem yoxdur. “Virusa qarşı peyvənd bəşəriyyət tərəfindən ilk hazırlanan vaksindir. Olduqca sadədir, texnoloji cəhətdən istehsal etmək də asandır. Çiçək xəstəliyinə qarşı peyvənd olunanların (hansı ki, əhalinin əhəmiyyətli hissəsini təşkil edir) risk zonasından kənarda qaldığına dair məlumatlar var. Buna “immunlaşdırılmış təbəqə” deyilir. 1980-ci ildə dayandırılmış peyvənd təcrübəsini isə yenidən bərpa etmək asandır”, - deyə o bildirib. Bəşəriyyətin meymunçiçəyinə qarşı deyil, əsl çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə gəlincə, mütəxəssis bildirib ki, prinsip eynidir və vaksin də eyni şəkildə hazırlanır, burada heç bir çətinlik yoxdur. Ekspert xəstəliyin cinsi əlaqənin özəllikləri ilə bağlı olması, homoseksualların heteroseksuallardan daha çox meymunçiçəyinə yoluxması versiyasına da toxunub. Bu mülahizəylə razılaşmayan həkim “bu versiyanın heç bir elmi və statistik əsası yoxdur. Axı, yoluxmuş şəxslə sadəcə təmasda olmaq kifayətdir… Cinsi həyatın xüsusiyyətinin buna nə aidiyyəti var? Baxmayaraq ki, sarı mətbuat bu mövzudan yapışa bilər”, deyə bildirib.  
Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halının qeydə alınması, əlbəttə, ölkəmizdə narahatlıq doğurmaya bilməz. Gürcüstan yaxın – qapı bir qonşumuzdur və bu şəraitdə virusun Azərbaycan ərazisinə keçmə ehtimalı da nəzərə alınmalıdır. Ümumiyyətlə, hazırda dünyada getdikcə daha çox insanda nadir infeksiya olan meymunçiçəyinə yoluxma halları aşkar edilir.  Baxmayaraq ki, virusun yayılma mərkəzləri Qərbi və Mərkəzi Afrika ölkələridir.   
Həkim-infeksionist Mərdan Əliyev isə hesab edir ki, meymunçiçəyinin koronavirus kimi pandemiya şəklini alacağı ehtimalları çox azdır:   
- Adıçəkilən virus yeni deyil. Bu xəstəlik 1950-ci ildə aşkar olunub və bir müddət sonra peyvəndlərin yaradılması ilə yayılmasının qarşısı alınıb. Bu virus qorxulu olsa da, koronavirus kimi dünyada geniş yayılması mümkün deyil. Meymunçiçəyi virusu təbii çiçək xəstəliyinə bənzərdir. Bu virus adından da göründüyü kimi, Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə orada olan insanlarla təmasa keçdiyi üçün insanlarda da bu xəstəlik yayılmağa başlayıb. Amma meymunçiçəyi virusunun COVID-19 kimi geniş yayılması real deyil. Bu xəstəliyə yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur. Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə meymunçiçəyi virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə meymunçiçəyi virusundan qorunmaq olar. Bildiyim qədər Gürcüstan hökuməti sərhəd-keçid məntəqələrində, gömrük postlarında yoxlamalar, müayinələr təşkil edib. Şübhəli hallar olanda, insanlardan analiz götürülür və laborator müayinəyə göndərilir. Bu, elə bir xəstəlikdir ki, əgər varsa, özünü tez büruzə verir. Dəridə səpkilər, suluqlar yaranır və bu, gözlə görülən bir əlamətdir. Koronavirus deyil ki, gizli keçsin. Ən azından hərarətin yoxlanması ilə insanın xəstə olub-olmadığını müəyyən etmək mümkündür.  İndiki halda hərarət xəstəliyin varlığı üçün əsas şübhəli əlamət sayılmalıdır. Yaxşı olar ki, Azərbaycan sərhəd-keçid məntəqələrində, terminallarda da ölkəmizə səfər edənlərin hərarəti yoxlansın, şübhəli məqamlar üzə çıxdıqda laborator analizlər aparılsın. 
Qeyd edək ki, 1980-ci ilədək təbii çiçək xəstəliyinə qarşı peyvənd olunmuş insanlarda meymunçiçəyinə qarşı immunitet formalaşdığı bildirilir. Bu da əsasən yaşlı və orta nəslin nümayəndələridir. Belə çıxır ki, azyaşlılar və gənclər daha çox təhlükə altındadır? 
M.Əliyev qeyd etdi ki, meymunçiçəyi virusunun pandemiya şəkli ala biləcəyi istisna edildiyindən narahatlığa, hələ ki, əsas yoxdur: - Çiçək xəstəliyinə qarşı yaradılmış peyvənd öz dövründə bu xəstəliyin tamamilə aradan qalxmasına səbəb oldu. Xəstəlik aradan qalxdığı üçün peyvəndləməyə də daha ehtiyac qalmadı. Bəli, çiçək xəstəliyinə qarşı peyvəndlər 1980-ci ilədək vurulub və peyvənd olunmuş insanlarda indi də qoruyuculuq qabiliyyətini saxlayır. Yenidən peyvəndləməyə ehtiyac varmı?  Bunu gələcək göstərəcək. Əgər meymunçiçəyi virusuna yoluxma sayı artarsa və Allah eləməmiş, pandemiya təhlükəsi yaranarsa, o zaman aktiv əhali qrupuna çiçək xəstəliyi əleyhinə peyvənd vurula bilər. Lakin indiki mərhələdə hələ ki, buna ehtiyac yoxdur.   
“Xüsusi bir müalicə və ya peyvənd olmasa da, çiçək xəstəliyinə qarşı peyvənd hələ də bu növ virusdan qoruya bilər”. Bu barədə isə rusiyalı infeksionist, professor Nikolay Malışev danışıb. Meymunçiçəyi xəstəliyində çarpaz immunitet fəaliyyət göstərir. Yəni çiçək peyvəndi çarpaz işləyir, təsiri var. 1980-ci ildə olimpiadadan sonra biz peyvənd etməyi dayandırdıq, o vaxta qədər vaksinasiya olunan insanların bu və ya digər şəkildə müəyyən immuniteti var”, - deyə Malışev qeyd edib. Həkim hesab edir ki, insanlar hələlik meymunçiçəyi virusunun yayılmasından narahat olmamalıdır. Ekspertin sözlərinə görə, bu infeksiyanın ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi kifayət edir.