ÜST: 50 ölkədə meymunçiçəyinə 3,4 mindən çox yoluxma qeydə alınıb

2022-ci ilin ötən dövründə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dünyanın 50 ölkəsindən meymunçiçəyinə laboratoriyada təsdiqlənən 3 min 413 yoluxma halı və bir ölüm faktı barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Cenevrədə dərc olunan informasiya bülletenində deyilir. Məlumata görə, əvvəlki bülletenin dərc olunduğu iyunun 17-dən bəri səkkiz ölkədə 1310 yeni yoluxma qeydə alınıb.

Yoluxma hallarının böyük əksəriyyəti – 86 faizi Avropa regionunun payına düşür. Avropanın ardınca 11 faizlə Amerika, iki faizlə Afrika, hər biri bir faizdən az olmaqla Şərqi Aralıq dənizi və Asiya-Sakit okean regionları gəlir.

Meymunçiçəyinə ən çox yoluxma halı Böyük Britaniyada qeydə alınıb – 793 nəfər. İlk beşliyə, həmçinin Almaniya (521 nəfər), İspaniya (520 nəfər), Portuqaliya (317 nəfər) və Fransa (277 nəfər) daxildir. Onların ardınca Niderland (167 nəfər) və ABŞ (142 nəfər) gəlir. Digər 43 ölkədə isə yoluxma hallarının sayı 100 nəfəri keçmir. Meymunçiçəyindən yeganə ölüm halı Nigeriyada baş verib.

Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi virusu bir müddət gizli dövr edib. Onlar virusun 2017-ci ildən bu yana gizli yayıldığını istisna etmirlər.

ÜST xəstəliyin qlobal miqyasda yayılma riskini orta səviyyədə qiymətləndirir. Hazırda meymunçiçəyi epidemiyası beynəlxalq narahatlıq doğuran fövqəladə hal sayılmır.

Adətən Afrikada rast gəlinən meymunçiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.