Test dəstləri gətirildi!- “Meymunçiçəyinin Azərbaycanda yayılması realdır”

Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlinməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Meymunçiçəyi artıq Azərbaycanən sərhədlərinə yaxınlaşıb, Qardaş Türkiyə və qonşu Gürcüstanda da yoluxma halları qeydə alınıb. Əlbəttə, bu hal ölkə Azərbaycan ictimaiyyəti və hökumətində müəyyən narahatlıqlar doğurur. Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

 Xəbərdə vurğulanır ki, Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Test dəstlərinin ölkəyə gətirilməsi virusun ölkəmizə gəlmə təhlükəsinin bir addımlıqda olduğunu sübut edir.  Bununla bağlı “Sherg.az”a açıqlama verən  tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla  bildirib ki, indiki halda meymunçiçəyi virusunun ölkəyə gəlməsi realdır:

“Hər halda turistlər səyahət edirsə və qonşu ölkələrdə də bu xəstəlik varsa,  Azərbaycanda da bu virusun aşkarlanması mümkündür. Testlərin gətirilməsi də müəyyən hazırlıq məqsədi güdür. Əgər ölkədə həmin virus peyda olarsa, lazımı diaqnostika tədbirlərinin həyata keçirilməsi və prosesin qarşısının alınması üçün testlər ölkəyə gətirilib.
Düşünmürəm ki, meymunçiçəyi virusu pandemiya yarada bilər. Hər halda sözügedən virus Azərbaycanda aşkarlanarsa, proseslərin qarşısının alınması və mümkün qədər az insan yoluxması üçün mütləq  lazımı və önləyici tədbirlər görülməlidir. Əhalinin maarifləndirilməsi istiqamətində də  parelel işlər görülməlidir”.