Qocaman telejurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib

Tanınmış televiziyaçı, Əməkdar jurnalist, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov reanimasiyaya yerləşdirlib.
Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda reanimasiyada olan 84 yaşlı Mais Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu qoyulub.
“Fürsətdən istifadə edib bütün həkimlərdən xahiş edirəm ki, Mais müəllimi bizə geri qaytarsınlar. 

Milli jurnalistikamızı dirçəltmək üçün Mais müəllim kimi ustadlar çox lazımdır, əks halda, sadəcə savadsızlıq və tərbiyəsizlik ucbatından ümumiyyətlə jurnalistikamızı itirəcəyik! Allah Mais müəllimə şəfa versin!”, – V.Mustafayev bildirib.

Mais Məmmədov keçmiş SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın – ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşavir vəzifəsində çalışıb.