“Azərbaycanda heç bir qərar abortların qarşısını almır” – SƏBƏBLƏR SADALANDI

“Amma proses belə davam edərsə, təbii ki, dövlət kəskin qərar verməyə məcbur qalacaq” 

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı rekord həddə çatıb. Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən qadınların sayı 2020-ci illə müqayisədə ötən il 35 faiz və ya 12 158 nəfər artaraq 46 877-ə yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.

Məlumat üçün bildirək ki, abort etdirənlərin 2 428 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 87 faiz artıb. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə azalıb. Belə ki, əvvəlki ildə 29 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 16 olub. Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.

Cəmiyyətin ciddi probleminə çevrilmiş artan abort halları barədə tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı öz fikirlərini “Sherg.az”la bölüşüb. Abortların yüksək həddə çatmasının altında yatan səbəblərdən danışan həkim qeyd edib ki, bu problem hər zaman gündəm olub:

“Hətta bəzi inkişaf etmiş ölkələrdə dövlət abortun qadağan olunması ilə bağlı qərar verib. Bu birbaşa ölkənin inkişafı ilə bağlı məsələdir. Bütün sahələrdə yeni davamçılar olmalıdır. Təbii ki, nəsil artımı anaların üzərinə düşür. Bir məsələni xatırlamaq istəyirəm. İkinci Dünya müharibəsindən Almaniya məğlub ölkə kimi ayrldı, digər dövlətlər tərəfindən kapiltulyasiya olundu. Buna görə də müharibədən sonra böhran yaşandı, qiymətlər qalxdı, aclıq genişləndi. Lakin o vaxt Almaniyanın verdiyi qərara görə, yalnız uşaq qidalarının qiyməti artmayacaqdı. Çünki onlar bilirdi ki, Almaniyanın gələcəyi onların əlindədir. Azərbaycana gəlincə, bizdə heç bir qərar abortların qarşısını almır. Amma proses belə davam edərsə, təbii ki, dövlət kəskin qərar verməyə məcbur qalacaq”. 

 Bu halların orta məktəb şagirdləri arasında həm tibbi, həm də mənəvi cəhətdən xoşa gəlməz fəsadlara gətirib çıxaracağını deyən Ş.Namazlı hesab edir ki, problemin əmələ gəlmə səbəbi ailədən başlayır:

“Düzgün istiqamət olmalı, təbliğat doğru şəkildə aparılmalıdır. Daha sonra isə burada əsas rolu məktəb oynayır. Onlara tədris olunan dərslərdən bu haqda məlumatlanmalıdırlar. Üçüncü önəmli amil isə mühitdir. Çünki uşaq da sosial varlıqdır və sosial həyat bu məsələdə rol oynayır. Bu üç faktor  - valideyn, məktəb, cəmiyyət məktəblilər üçün çox böyük önəm daşıyır.

Bu gün internet əsrində yaşayırıq. Məktəblilər bu əsrin uşaqlarıdır. Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında çox mənasız, qeyri-mənəvi paylaşımlar uşaqların beyninə həkk olunur. Hətta çox təəssüf ki, əksər məktəbə şagirdlər telefonla gəlirlər. Valideyn buna icazə verir, məktəblər də davam etdirir. Məhz bu faktor da uşaqlara təsir göstərir. Valideyn düşünməlidir ki, abortlar nəticəsində bugünkü məktəbli gələcək analıq hüququnu itirə bilər. Təbabət buna zəmanət vermir.  Bu baxımdan bütün bunlar gələcək nəslin intellektual inkişafına zərər vuracaq.

Ailəli qadınlar isə iqtisadi durumu bəhanə gətirir. Deyirlər ki, iki-üç uşağım var, imkanım yoxdur və.s. Həmçinin bəzi qadınlar qeyri-qanuni yolla dünyaya uşaq gətirmək istəmədiyindən bu yola əl atır.  Ən xoşa gəlməz hal isə cinsiyyətə görə edilən abortlardır.

Ailə, Qadın, Uşaq Komitəsinin vəzifəsi bu mövzularda təbliğat aparmaqdır. Bölgələrdə bu haqda yeniyetmələr arasında seminarlar keçirilməlidir. Eyni  zamanda valideynlər də maariflənməlidir. Qeyd etmək lazımdır ki, televiziyaların da üzərinə böyük iş düşür. İntellektual verilişlərin sayı azlıq təşkil edir. Müzakirələr zamanı bu mövzuya da toxunulmalıdır. 

Çünki televizor hər kəsin ailəsində var. Günümüzdə bu həqiqətən  də ciddi  bir bəladır. Valideynlər çox gec ayılır.  Sonda da yeganə yol kimi abort məsələsini seçirlər”.