41-42 dərəcə istidə işlər dayandırılmalıdır

Sahib  Məmmədov:“Əgər işi dayandırmaq mümkün deyilsə, bu  halda işəgötürən elə tədbirlər görməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin”

“Açıq hava şəraitində fəaliyyət göstərən şəxslər üçün həmin iş yerlərində çətirlər qurulmalı, işçilərə tez-tez qısamüddətli fasilələr verilməli və onlar sərinləşdirici içkilərlə təmin olunmalıdır” 


Son günlər ölkə ərazisində isti hava şəraiti hökm sürür. Bəzi günlərdə temperatur 40,41 dərəcəni də keçir. Buna rəğmən açıq havada çalışanlar öz fəaliyyətlərini əvvəlki kimi davam etdirirlər. Beləcə onların həyatı, sağlamlığı üçün ciddi təhlükələr yaranır. Hüquq  müdafiəçisi Sahib  Məmmədov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, 41-42 dərəcə istidə havanın temperaturunu suni şəkildə tənzimləmək mümkün olmadığı yerlərdə işlər dayandırılmalıdır:

 “Amma elə işlər var ki, onları dayandırmaq mümkün deyil. Məsəl üçün, betontökmə və s.kimi təxirəsalınmaz işləri yarımçıq saxlamaq olmur. Əgər işi dayandırmaq mümkün deyilsə, bu  halda işəgötürən elə tədbirlər görməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin. Bunun üçün bir sıra tədbirlər görülə bilər”. 

S.Məmədovun sözlərinə görə, açıq hava şəraitində fəaliyyət göstərən şəxslər üçün həmin iş yerlərində çətirlər qurulmalı, işçilərə tez-tez qısamüddətli fasilələr verilməli və onlar sərinləşdirici içkilərlə təmin olunmalıdır: 
“Belə adamların günvurmadan qorunması vacibdir. Qanunvericilik də bunu əsas götürür”. 

Qeyd edək ki ,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsi soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılmasından bəhs edir. Həmin maddədə qeyd olunur:

 “İşçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.