İstehlakçıları aldadırlar!- Enerji içkisi adı ilə rəngli su satırlar – Təhlükə!

“AQTA qarşısında İctimai Şuranın üzvü olaraq dəfələrlə  bu barədə məsələ qaldırmışam”

“Malların üzərindəki göstəricilərlə onların tərkibinin eyni olub-olmadığını araşdırmağı təklif etmişəm. Lakin hələ də buna nail olmamaşıq”

Satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Nəticədə “Pit bull”, “Mohito Fresh”, “Fresco”, “Boom”, “Jaquar”, “Jara”, “Berg glukose”, “Bizon”, “Hell”, “Full” və “Gorilla” içkilərinin enerji içkisi olmadığı aşkarlanıb.

Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.

Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Bu sahədəki vəziyyəti dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, enerji içkilərinə əl çatanlığın azaldılması, eləcə də tərkibinin yaxşılaşdırılması barədə AQTA və Vergilər Nazirliyi müsbət işlər aparıb:

“AİB olaraq bu sahədə qiymətlərin qaldırılmasına da nail olmuşuq. AQTA yerli istehsal və xaricdən gələn enerji içkilərinin tərkibinin təhlükəliliyini azaltmaq üçün öyrəşdirici maddələrin minimal həddini müəyyən edib. Enerji içkiləri ona uyğun istehsal olunur. Monitorinqlərdən belə görünür ki, istehsalçı və idxalçı şirkətlər həmin prinsiplərə əməl etsələr də, məhsulu daha çox suya bənzədiblər. Amma mən bunun tərəfdarıyam. AQTA-nın yerində olsaydım, onların enerji içkisi olmadığını deməzdim. İcazə verərdim ki,  istehlakçılar bu suyu içsin. AQTA və istehlakçılar bilməlidir ki, “Coco-Cola”, “Fanta” və digər rəngli, qazlı mayelər heç də enerji içkilərindən az təhlükəli deyil. Yerli istehsalçı resepti dəyişib üstünə enerji içkisi yazırsa, düşünürəm ki, bu barədə susmaq daha yaxşı olar.

Mütəxəssis qeyd edib ki, ölkənin əmtəə bazarında buna bənzər çox hadisə baş verir:

 “Xüsusən, ət və ət məhsullarında böyük problemlər yaşanır. Xaricdən gətirilən və yerli istehsal olan kolbasa, sosis məmulatlarının kiloqramı KİV-lərdə 4 manata reklam olunur.

 AQTA qarşısında İctimai Şuranın üzvü olaraq dəfələrlə  bu barədə məsələ qaldırmışam. Malların üzərindəki göstəricilərlə onların tərkibinin eyni olub-olmadığını araşdırmağı təklif etmişəm. Təəssüflər olsun ki, hələ də buna nail olmamaşıq. 

Lakin AQTA haqlı olaraq enerji içkiləri sahəsini nəzarətdə saxlayır. Qeyd etdiyim kimi, tərkibləri daha çox suya bənzəyirsə, düşünürəm ki, bu bizim istehsalatçıların xeyrinədir. 

AQTA siyahıda sadaladığı məhsulların enerji içkisi olmadığını deyib, lakin hansı maddə olduğunu açıqlamayıb. Bunu bilmək önəmlidir. Yəqin ki, AQTA çatışmayan məlumatları yaxın zamanda düzəldər”.