Millət can hayında işbazlar pul axtarır... – Vaxtı ötmüş məhsullar zəhər saçır

“AQTA tapıb məhv etməsə, əhaliyə vaxtı keçmiş məhsullar satılacaqdı”

“İşbazların özbaşınalığı nəticəsində  insanlar zəhərlənəcəkdi” 


İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat verilib.
Bildirilib ki, “Aqro-Vest” DC MMC-nin AQTA-ya müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10 940 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda sıradan çıxarılıb. 

Məsələyə münasibət bildirən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az” a açıqlamasında bildirib ki, məhsulların bu qədər çox istehal olunması israfçılıqdır:

“İstehsal yönümlü  təşkilatlar əhalini və satışı nəzərə alaraq məhsulu istehsal etməlidirlər. Çünki bunun geri dönüşü yoxdur. AQTA tapıb məhv etməsə, əhaliyə vaxtı keçmiş məhsullar satılacaqdı. İşbazların özbaşınalığı nəticəsində  insanlar zəhərlənəcəkdi. 
Satış olmadıqda məhsul qalır və vaxtı keçir. Ya üzərlərinə etiket vurulub yenidən satışa çıxarılır, ya da ən yaxşı halda məhsullar məhv edilir. Amma inanmıram ki, hansısa istehsal yönümlü təşkilat geri dönən məhsulunu məhv etsin. Əsasən onlar məhsulları təkrar emala verirlər. Bu da insanların zəhərlənməsinə, orqanizmlərdə xərçəng hüceyrələrinin çoxalması gətirib çıxarır. Bu kimi halları dayandırmaq üçün ilk növbədə israfçılığın qarşısını almaq, bu sahədə monitorinqlər keçirmək lazımdır”.

Mütəxəssis hesab edir ki, bütün zavodlarda xüsusilə riskli məhsulların istehsalı ilə bağlı limitlər tətbiq edilməlidir:

“Geri dönüşlər hesablanmalı, nəticəni minuma endirmək üçün səylər göstərilməlidir. Onu da qeyd etmək lazımdır ki, AQTA-nın bu məhsulları aşkar edib, məhv etməsi sevindirici haldır. Düzgün atılmış addımdır. Lakin digər tərəfədən hər birimiz bunu ürək ağrısı ilə qarşılayırıq. Dünyada insanlar aclıqdan əziyyət çəkir, bəşəriyyət olaraq böhran astanasındayıq və bu qədər  qida məhsulu məhv edilir. Bütün bu özbaşınalıqların qarşısını almaq üçün dövlətin ədalətli nəzərəti olmalıdır.
Bu qədər israfçılığın qarşısında  hər bir məhsulun qiyməti də qalxacaq. Məhsullar məhv olunmasa, qənaət olunsa, bolluq olar.

 Amma biz hər şeyi israf edirik. Sonra isə qiymətlərin artmasından şikayətlənirik. Bunun başlıca səbəblərindən biri də israfçılıqdır”.