Koronavirusa yoluxma sayı artır! – Qapanmalara gediləcəkmi?

“İndiki durum insanlarda psixoloji  sarsıntı yaradır”

“Qapanmaların da bunun üzərinə gəlməsi vəziyyəti daha da ağırlaşdırır”

Dünyada hazırkı epidemik vəziyyət hamının maraq dairəsindədir. Meymunçiçəyi xəstəliyi bütün Avropa və ABŞ-da sürətlə yayılır. ÜST dünyanın 50-dən çox ölkəsində yoluxma hallarının aşkar edildiyini bildirib. Həmçinin ötən gün qonşu ölkə İranda da meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı müəyyən edilib.

Digər tərəfdən koronavirusa yoluxanların sayı da intensiv şəkildə artmağa davam edir. Dünən Azərbaycanda 700-dən çox insan koronavirusa yoluxub. Aktiv xəstələrinin sayı 3 427 nəfər təşkil edir.

İndiki məqamda qapanmaların olub-olmayacağı müzakirə mövzusudur. Həkim-pulmonoloq Əsəd Beydullayev bu barədə “Sherg.az”a bildirib ki, yoluxmalar artsa da, qapanmalara ehtiyac olduğunu düşünmürəm:

“Çünki artıq cəmiyyətimiz bu sahədə müəyyən maariflənmə səviyyəsinə çatıb. Qabaqlayıcı tədbirlərlə bağlı məlumat verilərsə, düşünürəm ki, insanların bunu qəbul etməsi əvvəlki qədər çətin olmayacaq. Bundan əlavə peyvəndləmələr də ümumi yoluxma saylarının azalmasında bizə kömək edəcək. Məhdudiyyətlərin hansısa ciddi faydası olacağını düşünmürəm. Dövlətin bu barədə hansı addımları atacağını bilmirəm, amma hesab edirəm ki, qapanmalar olmasa, daha yaxşı olar”.

Ə.Beydullayev düşünür ki, qapanmalar insanlarda psixoloji gərginlik yaradır:

“İki ildən artıqdır ki, insanlar epidemik vəziyyətdən əziyyət çəkirlər. Yaxın zamana qədər hər kəs düşünürdü ki, bu problemlər tamamilə bitdi.  Lakin yenidən yoluxanların sayında artımın olması insanlarda psixoloji  sarsıntı yaradır. Qapanmaların da bunun üzərinə gəlməsi vəziyyəti daha da ağırlaşdırır.  Praktik həkim kimi onu deyə bilərəm ki, koronavirusdan ağırlaşan şəxslərin əksəriyyətinin  həyatını itirməsi psixoloji sarsıntı fonunda olub. İnsanların ciddi stress keçirmələri nəticəsində orqanizmləri zəifləyib. Bu səbəbdən onların stressini daha da artırmaq doğru deyil. Zənnimcə, sadəcə adekvat tədbirlər görülməlidir”.