“Dovşan dodaq” və “qurd ağız” xəstəlikləri 


Cərrah-ginekoloq deyib ki, körpələrin anomaliyasız doğulması üçün ən vacib şərtlərdən biri hamilə xanımların vaxtlı-vaxtında müayinələrdən keçməsidir


  "Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqları, xalq arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdir". Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev bildirib. Onun sözlərinə görə, bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur. 

Həkim söyləyib ki, bunun da səbəbi müxtəlifdir: "İrsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət, qohum evliliyi". İ.Fərzəliyev vurğulayıb ki, dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s.-dir: "Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır. Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır. 

Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır". Mütəxəssis onu da qeyd edib ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxarır.

  Cərrah-ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında körpələrin anomaliyasız doğulması üçün ən vacib şərtlərdən birinin hamilə xanımların vaxtlı-vaxtında müayinələrdən keçməsinin olduğunu qeyd etdi: 

- Biz daim xanımlarımıza məsləhət görürük, tövsiyə edirik ki, müayinələrə ciddi yanaşsınlar. Nəinki hamiləlik dövründə, hamiləlikdən əvvəl də bəzi vacib müayinələr və analizlər var ki, qadınlar bunlara ciddi önəm verməlidirlər. Çünki elə xəstəliklər var, hamiləlik müddətində müəyyənləşdikdə, artıq pasiyentə heç bir köməklik etmək mümkün olmur. Qadın ana olmağı qarşısına məqsəd qoyubsa, sağlam körpənin dünyaya gəlməsi üçün əvvəldən bəzi müayinələrdən, vacib olan analizlərdən keçməlidir. Təbii ki, bir sıra patologiyalar da var ki, onlar hamiləliyin ilk həftələrində görünmür. Hamiləlikdə ilk 11-14 həftə önəmlidir. Həmçinin 19-22-ci həftələr də. Bu müddət ərzində əgər hamilə qadın həkimin məsləhət bildiyi müayiənlərdən keçirsə, anomaliyalar bilinir. Ola bilsin, hamilə xanım hansısa genetik analizlərə göndərilsin. Bunlar çox vacibdir. Həkim anomaliyanın hansı səbəbdən baş verdiyini bilməlidir ki, buna uyğun tədbir görülsün. Ciddi patologiyalar aşkarlandıqda hamiləlik süni yolla sonlandırıla bilər. Əlbəttə, bu zaman həkimin rəyi və pasiyentin də qərarı önəmlidir. Amma hamilə qadın müayinələrə vaxtlı-vaxtında gəlmirsə, vacib olan  analizlərdən keçmirsə, doğuş zamanı da problemlər yaşana bilir, körpə doğulduqda hansısa patologiya üzə çıxırsa, bunu düzəltmək çətin olur. “Dovşan dodaq” patologiyası aşkarlanırsa, alt səbəblər – genetik problemin olub-olmaması da yoxlanmalıdır. 

“Dovşan dodaq”, “qurd ağız”, yaxud da çənə patologiyası təhlükəli deyil, çünki müəyyən zaman keçdikdən sonra, yenə konkret bu sahə üzrə həkimin təyinatı ilə əməliyyat edilir, problem aradan qalxır. Lakin valideynlər övladlarına nəzarət etməli və zaman itirməməli, körpəni düzgün vaxtda əməliyyata aparmalıdırlar. Cərrahi əməliyyat vaxtını da həkim müəyyən edir, neçə aylığında, hansı yaş dövründə. Əsas odur ki, uşaq bu patologiyalarla böyüməsin, vaxtında qarşısı alınsın ki, bunlar uşağın səhhətində problemlərə səbəb olmasın. 
  F.Hüseynzadə bildirdi ki, tibb elmi artıq xeyli inkişaf edib və hamiləlik dövründə aşkarlanan bəzi anomaliyalar döl ana bətnində ikən də aradan qaldırıla bilir: 

- Məsələn, ana ilə körpənin qan qruplarında uyğunsuzluq varsa – buna mənfi rezus faktor deyilir, bu zaman ana bətnində körpəyə qan köçürülə bilir. Yaxud qan damarları ilə bağlı problem aşkarlanırsa, lazer üsulu ilə aradan qaldırılır. Ürək, beyin qüsuru, mədə-bağırsaq sistemində problemlər də müayinələr zamanı aşkarlanır və bunlara qarşı tədbir alınır. 

 Bəzən deyirlər, keçmişdə bu qədər analizlərə göndərilmirdi, bu qədər müayinə tələb olunmurdu. Doğrudur, çünki keçmişdə indi rastlaşdığımız viruslar, xəstəliklər də yox idi

Dölün anormal inkişafına, hamiləlikdə yaşanan patologiyalara ətrafımızdakı hər şey təsir edir: stres, həyəcan, ziyanlı vərdişlər, radiasiya, alkoqol, siqaret, enerji içkiləri, qəhvə, genetik modifikasiya olunmuş qidalar, kimyəvi qatqılı ərzaqlar, hava, su... hər şey. 

Ona görə də xanımlarımıza məsləhət görürük ki, zamanında ciddi müayinələrdən keçsinlər ki, körpə dünyaya gələndə “niyə belə oldu?!” sualı qarşısında aciz qalıb, ömürlərinin sonunadək özlərini qınamasınlar.