Bayramda boyat yeməklər orqanizmi ağırlaşdırır

Zəhərlənmə halları ilk növbədə səhlənkarlıqdan, insanın özünə qarşı məsuliyyətsiz davranışından baş verir


  Bayram günlərinin ağır statistikaları, təəssüf ki, yenə də yol-nəqliyyat hadisələri və zəhərlənmələrdir. Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 20-25 mart tarixlərində avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub. "Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - məlumatda qeyd olunur.  

Zəhərlənmələrlə bağlı məlumatlar da narahatlıq doğurur.  Bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində  TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 121 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində də vətəndaşlar arasında zəhərlənmə halları çox olmuşdu. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olubmuş.  Yenə də dərman, sirkə turşusu, dəm qazından,  allergiya və botulizmdən zəhərlənmələr üstünlük təşkil edirdi. 

Nə baş verir bayram günlərində? Bayram etməyə, yeyib-içməyə, gəzintilərə baş o qədər qarışır ki, sağlamlığa, təhlükəsizliyə diqqət azalır? 

Təcili Tibbi Yardın Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında zəhərlənmə səbəblərinin müxtəlif olduğunu dedi: 

- Kriminal xarakterli zəhərlənmə hadisələrini, özünə qəsdləri bir kənara qoysaq, qalan hadisələr insanlarımızın laqeydliyi, məsuliyyətsizliyi nəticəsində baş verir. Hər dəfə Baş Dövlət Yol Polisi əhaliyə, sürücülərə xəbərdarlıq edir ki, yollarda sürət həddini aşmayın, görüntü zəifdirsə, dimanlı havadırsa, yola çıxmaqdan çəkinin, yuxulu, yorğun halda sükan arxasına keçib özünüzün, ailə üzvlərinizin, başqalarının həyatını təhlükəyə atmayın. Hər dəfə də istirahət yerlərindən qayıdan, regionlardan gələn və ya gedən avtomobillərin iştirakı ilə qəzalar törədilir. İnsanlarımız məsuliyyət hissini artırmalıdır. Eləcə də zəhərlənmə halları ilk növbədə səhlənkarlıqdan, insanın özünə qarşı məsuliyyətsiz davranışından baş verir. Bizim xalq bayrama xüsusi hazırlaşır.  Cürbəcür yeməklər, şirniyyat bişirilir. Yeməyin qayda-qanunu var. 

Bayramdı deyə, vaxtsız-vədəsiz yemək qəbul etmək düzgün deyil. Bir tərəfdən də boyat yeməklər vəziyyəti ağırlaşdırır. Plov yağlı, ağır yeməkdir. Digər milli yeməklərimizdə də yağlılıq yüksək faizdədir. Bir gün əvvəl hazırlanmış, boyatlaşmış yağlı yemək mədə-bağırsaq pozuntusuna gətirib çıxara bilər. Nizamsız yemək, yağlı yemək, üzərindən şirniyyat, payızda konservləşdirilmiş məhsullardan istifadə etmək, bunlar hamısı zəhərlənmə ehtimalını artırır. Pomidor turşusu, xiyar turşusu, başqa tutmalar digər ərzaqlarla qarışdıqda zəhərlənməyə gətirib çıxara bilər. Bəlkə də bu yeməklər uzun müddət kənar təsirlərə, çirklənməyə məruz qalır və bu da tərkiblərində müxtəlif bakteriyaların yaranmasına səbəb olur.  Yeməklər böyük həcmdə hazırlanır,  axşam bişirilmiş xörək ertəsi gün də süfrəyə gətirilir, nəticədə zəhərlənmə üçün şərait yaranır.

Bayram günlərində hava da mövsümə görə kifayət qədər isti keçdi. Qidaların, ərzaqların pozulması belə hallarda daha tez-tez baş verir. Yeməklərin hazırlanmasında istifadə edilən ərzaqlara da fikir vermək lazımdır. Salatların əksəriyyəti mayonezlə hazırlanır. Mayonezin  tərkibindəki kimyəvi maddələr zəhərlənmə üçün real zəmindir.

 İstifadə müddəti keçmiş ola bilər, soyuducuda uzun müddət üzəri açıq halda saxlanmış ərzaqlar təhlükəlidir. Balıq məhsullarına qarşı isə xüsusilə diqqətli olmaq, küçələrdə açıq halda satılan balıq məhsullarına  etibar edilməməlidir. Köhnə balıq məhsulu ən ağır zəhərlənməni –botulizmi yaradır.