Botoks beynin fəaliyyətini zəiflədir?

Hiss və duyğuların ifadəsi çətinləşir

  ABŞ-də aparılmış tədqiqat üzün müxtəlif bölgələrində - alın, qaşlar, göz, ağız kənarları, yanaqlarda aparılan botoksun insanın hiss və duyğularını düzgün ifadə etməsini əngəllədiyini təsdiqləyib.  “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Californiya Universiteti alimlərinin apardığı tədqiqat botoks əməliyyatı zamanı üz bölgəsinə yeridilən inyeksiyaların beynin hiss və duyğuları ötürmə qabiliyyətinə mənfi təsir edir, nəticədə beynin fəaliyyəti zəifləyir, beynin daxildəki duyğuları normal halda xaricə ötürə bilmədiyini təsdiqləyib.  Bu isə qarşıdakı insanın keçirdiyi hisslərə qarşılıq verə bilməni əngəlləyir.

Qarşınızda birisi ağlayır, gülür və ya kədərli haldadırsa, botokslu insan ona da qarşılıq verə bilmir. Laqeyd görkəmdə robot duruşu sərgiləyir.  Psixologiyada “üz cizgilərinin qarşılıqvermə” hipotezi mövcuddur. Bu hipotez bir insanın üz cizgilərinin qarşısındakının üz cizgilərinin dəyişməsinə uyğun dəyişə bilməsidir. Bir insan digərinə hansısa kədərli bir hadisədən söhbət açırsa, yaxud, deyək ki, doğmasının vəfat etdiyini xəbər verirsə, qarşı-qarşıya dayanmış insanların üz ifadələri normal halda eyni olmalıdır. Qarşında kədərli bir insan  dayanıbsa, sənin sevinməyin, gülməyin sarsaqlıq əlamətidir. Problem bundadır ki, üz nahiyəsinə kifayət qədər botoks etdirmiş insanların üz cizgiləri dəyişdiyindən onların hiss və duyğularını qarşıdakı insana normal çatdırmaları da mümkün deyil. Bu anormal hal ona görə yaranır ki, üz nahiyəsində aparılan botoks əməliyyatı zamanı üz əzələlərində, sinirlərdə dartınma, əzilmə baş verir, nəticədə əzələlər normal haldan çıxır, duyğuları düzgün ifadə edə bilmirlər. Məsələn, botokslu bir məşhurun ağlaması, tamamilə baş-ayaqdır. Gözdən yaş süzülür, amma üz ifadələrində heç bir dəyişiklik yoxdur. Alın qırışmayıb, göz kənarları yığlımayıb, ağız “büzülməyib”. Bu, normal vəziyyət deyil. İnsanın üzü, mimika üzvləri onun keçirdiyi daxili hiss və həyəcana uyğun olmalıdır. Botokslu insanlarda isə bu bağlılıq pozulur, soyuq, cansız bədənə oxşayırlar. Bir insanın üzündə sevinc, xoşbəxt ifadə gördükdə qarşıdakı insanın da üz cizgiləri dəyişir. Çünki beyin dərhal o siqnalları alaraq üz ifadəsinin dəyişməsini təmin edir. Botoks zamanı isə əzələlər xəsarət aldığından beynin bu yöndəki fəaliyyəti zəifləmiş olur. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin də insanların duyğularının üz cizgilərində görünməsinin və ya gizlədilməsinin hiss və duyğuların ifadəsinə  dərin təsir edəcəyini zamanında söyləyib.