"Əvvəl məktəb bufetləri üçün mükəmməl standart hazırlanmışdı. Bir sıra malların satışına icazə verilmirdi".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov 20 nömrəli məktəb-liseydə şagirdlərin zəhərlənməsindən danışarkən deyib. O əlavə edib ki, energetik içkilər, Coca-Cola, Fanta, kolbasalar və digər bu kimi məhsulların satışına qadağa qoyuldu:
"Hazırda Bakı, xüsusən də region məktəblərinin bufetləri ayrı-ayrı sahibkarlara icarəyə verilir. Məktəb direktorları da bundan yararlanırlar. Təəssüf ki, mövcud standartların tələblərinə isə əməl edilmir. Quş ətlərinin çox tez zəhərlənməyə səbəb olduğu məlumdur.
Görünür, quş ətindən zəhərlənmə baş veribsə, məhsulun mənbəyində, saxlanma şəraitində problemlər mövcuddur. Lakin malın mənbəyi araşdırılmayacaq. Çünki 26 ildir, bir nəfərin də hüququnu qoruyub, qidadan zəhərlənməyə görə, kompensasiya verilməsinə nail ola bilməmişik.
Çünki araşdırmalar malın mənbəyinə gedib çıxmır. Azərbaycan həkimlərinin əlini kəssələr də, adamın nədən zəhərləndiyini yazmırlar. Çünki hər bir malın sertifikatı var. Əksər hallarda günahı ya məktəb bufetçisi, ya da şagirdlərdə görürlər.
Çox təəssüf ki, məktəb bufetlərində problemlər yaşanır. Burada əlbəttə, valideyn komitələri fəallıq göstərməlidirlər. Direktor, müəllimlər, valideyn komitələri ictimai nəzarəti təşkil etməlidirlər. Malların saxlanma şəraiti də araşdırılmalıdır. Çox anormal haldır. Görək, dövlət orqanları yenə kimi günahkar çıxaracaqlar".
Qeyd edək ki, 20 nömrəli məktəb-liseydə şagirdlər arasında zəhərlənmə olub. Zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb. Hadisə ilə bağlı TƏBİB-dən məlumat verilib:
"20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb ediliblər. Zəhərlənənlərdən 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.