"Ürək-damar xəstəlikləri həm çoxalıb, həm də cavanlaşıb. Bu, dünya miqyasında belədir".
Bunu "Sherg.az"a tanınmış kardioloq Muxtar Müseyibov ürək xəstəliklərindən vəfat edənlərin sayının artmasından danışarkən deyib. Onun sözlərinə görə, ürəktutmadan vəfat edənlərin sayının artması yalnız Azərbaycana məxsus deyil:
"Tələbəlik dövrümüzdə 30-40, hətta 40-50 yaş arası ürək-damar xəstəliklərindən əziyyət çəkən çox az pasiyent görərdik. Amma indi təəssüf ki, xəstəliklər xeyli cavanlaşıb, 30-40 yaşlılara da gəlib, çatıb. Bir çox faktorlar problemin yaranmasında rol oynayır. Əsas səbəblərdən biri tütün və tütün məmulatının həddindən artıq artmasıdır.
Əlbəttə, insanlar keçmiş zamanda da tütün məhsullarından istifadə edirdilər. İndi isə onun keyfiyyəti əvvəlki kimi deyil. Tütün məmulatları onsuz da zərərlidir, keyfiyyətsizi ümumiyyətlə, ziyanlıdır. Digər səbəb az hərəkətli həyatdır. Adamlar komfortu əldən vermək istəmirlər. Daha çox oturaq həyat tərzi yaşayırlar. Nəticədə az hərəkət etmək ürək və qan-damar sistemi xəstəlikləri riskini artırır. Bundan başqa şəkərli diabet, təzyiq, irsiyyət (genetika) kimi amillər də analoji təhlükələrin yaranmasında xüsusi yer tutur. Eyni zamanda müasir cəmiyyətdə stress faktorları da getdikcə artmaqdadır. Ona görə də gənclərdə ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərin sayı durmadan artır. Əfsuslar olsun ki, gündəlik praktikamızda da gənc pasiyentlərlə rastlaşırıq".
Qeyd edək ki, son zamanlar ürək-qan damar sistemi xəstəlikləri şikayətləri ilə həkimə mürəciət edən xəstələrin, ürəktutmalarından dünyasını dəyişən insanların sayı artıb. Özü də sözügedən narahatlıqlar, ölüm halları gəncləri, orta yaşlıları daha çox əhatə edir.