Yay gəldi, ehtiyatlı olun!

Təkrar istifadə edilən su şüşələrində orta hesabla 20,8 milyon bakteriya toplanır
 
 Saf su içilməsinin, xüsusən isti havalarda nə qədər böyük önəm daşıdığını ətraflı izah etməyə ehtiyac yoxdur. Zatən həkimlər, dietoloqlar bu barədə daim fikir yürüdür. Su ilə bağlı başqa bir məsələ - necə saxlanması da bir o qədər önəmlidir. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən yay aylarında su şüşələrinin, plastik qablaşdırmalardakı suların hansı mühitdə, hansı şəraitdə saxlanılması, su qablarının təmizliyinin necə aparılması haqda məlumat verir.
  Daxili xəstəliklər üzrə həkim Ayça Kaya bildirir ki, su qablarının içində xolera, sigella, salmonella, aeromonas, lejyonella kimi bakteriyalar, giardia və amip kimi parazitlər, həmçinin norvalk ilə rotavirus da ola bilir. Bunlar su vasitəsilə orqanizmə düşdükdə ürək bulanması, mədə-bağırsaq pozuntusu, qaytarma və ishala səbəb olur. Xüsusən də avtomobildə saxlanan su şüşələrinin təkrar-təkrar istifadəsi, yaxud da saxlanılan suyun sonradan soyudulması bir çox mikrobların canlı qalmasına səbəb olur. “Waterfilterguru.com” adlı bir internet səhifəsində yayımlanan xəbərə görə, təkrar istifadə edilən su şüşələrində orta hesabla 20,8 milyon bakteriya toplanır. Bu isə unitaz qapağındakı mikroblardan 40 min dəfə (!) çoxdur. Həkim qeyd edib ki, təkrar istifadə edilən su qablarında toz, çirk və müxtəlif qalıqlar bakteriyaya çevrilir. Su qablarının mahiyyət etibarilə rütubətli, sərin mühitə sahib olmaları bakteriyaların yayılması üçün münbit şərait yaradır. Plastik qablar da təhlükəlidir. Xüsusən günəş şüasının təsiri altında qalanlar, avtomobil salonunda saxlanılanlar BPA (Bisfenol A) riski daşıyır. Aparılan araşdırmalar göstərir ki, plastik qabların xam materialının tərkibindəki BPA qadın hormonu estrogeni təqlid edərək kişilərdə sonsuzluğa, ürək çatışmazlığı, hormonal pozuntular, xərçəngdən tutmuş inkişaf zəifliyinə qədər bir çox xəstəliklərə səbəb ola bilir. Plastik qablaşdırmalardakı suların dadı və keyfiyyəti də dəyişir. Mütəxəssis şüşə və ya dəmir qablarda satılan sulardan almağı məsləhət görür: “Hazırda şüşə matar adlanan modern su şüşələri mövcuddur. Onlar daha təhlükəsizdir. Qədimdə insanlarımız suyu saxsı qablarda, mis kuzələrdə saxlayardı. Bu cür qablarda su uzun müddət saxlanılırdı, nə xarab olurdu, nə dadı dəyişirdi”, - deyən həkim marketlərdən su alarkən qabın ətrafının da ciddi şəkildə təmizlənməli olduğunu deyib. Su şüşələrinin içi sabunlu su ilə yaxşıca yuyulmalı və durulanmalıdır. İstifadə edilən su şüşəsi uzun müddət yuyulmayıbsa, yaxşı olar ki, içinə sirkə qarışımlı su tökülüsün, bir müddət belə vəziyyətdə saxlansın, sonra yuyulsun. Su qablarından, şüşələrdən bəzisi qabyuyan maşında yuyula bilər. Lakin bu zaman diqqət etmək lazımdır ki, yuyucu məhlul qabın divarlarında qalmasn. Bu, sizə zəhərlənmə kimi ciddi problem yarada bilər.