SOS: Koronavirus geri qayıdır? - AÇIQLAMA

Koronavirus əlamətləri olarsa, mütləq müayinə olunmaq, analiz vermək lazımdır

  Virus mənşəli infeksion xəstəliklərə yoluxma sayında artım müşahidə edilir. Bu barədə daxili xəstəliklər üzrə həkim-terapevt Həbib Sahratov danışıb. Mütəxəssis qeyd edib ki, xəstəliyin əlamətləri yeni növ koronavirusa (COVID-19) oxşadığına görə təşvişə düşənlər olur. Lakin bu, mövsümi xəstəlikdir. Həkim bildirib ki, yay fəsli ilə əlaqədar kəskin respirator virus xəstəliklərinin yayılması təbiidir: “Adətən sentyabrın axırları, oktyabrın əvvəllərində bu xəstəliyin yayılmasını müşahidə edirdiksə, bu il nisbətən daha tez başlanılıb. Amma demək olar ki, bütün kliniki sistem əlamətləri mövsümi qrip xəstəlikləri ilə üst-üst düşür. Onu da qeyd etmək lazımdır ki, 65 yaşından yuxarı olanlarda və 5-6 yaşından kiçik uşaqlarda daha ciddi ağırlaşmalara səbəb olur”. Tibb müəssisələrinə həmin xəstəliklə bağlı müraciət edənlər arasında COVID-19-a yoluxma ilə əlaqədar şübhəli hal olarsa, dərhal analizə göndərilir. O, xəstəliyin profilaktikası ilə əlaqədar bunları deyib: “Xəstəlikdən qorunmaq üçün ilk növbədə qidalanmaya fikir vermək lazımdır. Tərkibində C vitamini üstünlük təşkil edən qida maddələri və meyvə-tərəvəzlərdən çox istifadə etmək də xəstəliyin profilaktikasında əhəmiyyətli rol oynayır”. Virusdan qorunmaq üçün gigiyenik qaydalara məsuliyyətlə yanaşmaq və çoxlu maye qəbul etmək tövsiyə olunur.
Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, mövsümi xəstəliklərə yoluxma sayının üzü payıza doğru artması gözləniləndir:
" Mövsümi xəstəliklərə kəskin respirator virus infeksiyaları, həmçinin bakterial xəstəliklər – boğaz ağırısı və qızdırma ilə müşayiət olunan angina, faringit daxildir. Hazırda bakterial xəstəliklərə daha çox rast gəlinir. Bu da onunla əlaqəlidir ki, isti havalarda əhali soyuq içkilərə, soyuq qidalara üstünlük verir, nəticədə ağız boşluğu, boğaz, qida borusu soyuqlayır və anginaya, faringitə çevrilir. Kəskin respirator infeksiyalara yoluxma sayındakı artım da mövsümlə bağlıdır. Üzü payıza doğru havalar sərinləməyə başlayır artıq, Günəşin aktivliyi getdikcə azalır, ümumilikdə fəsil dəyişkənliyi orqanizmdə xəstəliklərə həssaslıq yaradır. Mövsümi xəstəliklərdə hazırda o qədər də artım müşahidə edilmir. Epidemik şəkildə deyil. Bakterial xəstəliklər daha çox yayılıb. Uşaqlar arasında da həmçinin.
  Koronavirusun yeni ştamlarının ölkəmizə də sirayət edəcəyi ehtimalının olduğunu vurğulayan M.Əliyev qeyd etdi ki, koronavirus əlamətləri olarsa, mütləq müayinə olunmaq, analiz vermək lazımdır:
"Hələ ki, koronavirusun yeni ştamları bizdə aşkarlanmayıb. Amma aşkarlanacağı ehtimalı var. Bir halda ki, qonşu ölkələrdə var, bizə də gəlib çıxacaq. Hazırda koronavirusa yoluxma sayında nisbətən artım müşahidə edilir. Bu da yenə mövsümi dəyişikliklərlə bağlıdır. Əhaliyə məsləhətimiz qorunma qaydalarına əməl etmək, sanitar-gigiyenik qaydalara ciddi yanaşmaqdır".