“Uşaq bağçalarında və məktəblərdə qızılca xəstəliyinə yoluxmanın artım sürətində nisbətən azalma müşahidə edilir”.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir prosesin nəzarətdə olduğunu söyləyib:
"Burada əsas məsələ peyvənddir. Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hallarla qarşılaşmayaq”.
Emin Əmrullayev təhsil müəssisələrinin distant rejimə keçməsi haqqında qərar olmadığını deyib:
“Bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük”.
Məsələ ilə bağlı açıqlama verən professor Adil Qeybulla “Sherg.az”a deyib ki, qızılcanın qarşısının alınması məqsədi ilə peyvəndlənmənin aparılması gələcək üçün bir aksiyadır:
"Xəstəliklə bağlı böyük bir epidemiya gözlənilmir. Bu cür yayılmalar bizim gələcəyə daha diqqətli olmağa və milli peyvənd təqviminə ciddi əməl etməyə sövq etməlidir. Hər halda gigiyenik, izolyasıya tədbirlərinin görülməsi xəstəliyin lokallaşmasına gətirib çıxaracaq. Mütləq şəkildə təqvim proqramı həyata keçirilməlidir".