Professor: Klinik protokollar bütün qərb təbabətinə tətbiq olunur

Klinik protokollar reseptlər yazılarkən əsas götürüləcək.
Bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, klinik protokol həkim və ya feldşer tərəfindən hər hansı xəstəlik və ya xəstəlik əlamətləri zamanı tibbi yardım göstərilməsi ilə bağlı qərar qəbul edilməsində istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalar toplusudur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) klinik protokolları hazırlayır, onların elektron bazasını yaradır və özünün rəsmi internet səhifəsində yerləşdirir.
Klinik protokollar reseptlər yazılarkən əsas götürüləcək

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a vurğulayıb ki, klinik protokollar bütün qərb təbabətinə tətbiq olunur:

“Bu o deməkdir ki, konkret xəstəliklərin müalicəsində yol xəritəsi və yanaşma tərzi var. Yəni xəstə daxil olan zaman şikayətlər əsasında nədən başlamalı, necə müayinə aparılmalı, diaqnoz qoyulandan sonra hansı protokollar və reseptlər ilə müalicə aparılmalıdır tövsiyələri verilir. Bunlar artıq icbarilik elementi daşıyan reseptlərdir. Ümumiyyətlə klinik protokollar həkimin öz fəaliyyətini aradan qaldırır, konkret reseptlər əsasında dünyada qəbul edilən yollarla xəstənin diaqnostikası müalicəsi və reabilitasiya proseslərini nəzərdə tutur. Reseptlər yazılarkən icbari tibbi sığorta çərçivəsində nəzərdə tutulduğuna görə, bunların üzərində elektron nəzarət olacaq. Həmin resptlər də klinik protokollarda ilkin müalicə sxemlərinə uyğun olmalıdır”.