Yeni doğulmuş bir körpəni ana südündən məhrum etmək ona edilən ən böyük pislikdir
Elmi araşdırmalarla sübut olunub ki, ana südünün tərkibindəki qoruyucu mikroblar ananı və uşağı xərçəng riskindən qoruyur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların baxımından əhəmiyyəti barədə maarifləndirməkdir. Ana südü körpənin maye və qida tələbatını tam ödədiyi üçün həkimlər körpənin ilk 6 ay müddətində yalnız ana südü ilə qidalandırılmasını tövsiyə edirlər.
ÜST körpələrin altı ay müddətində ana südü ilə qidalanmasını, həmin müddətdən sonra isə onu lazımi qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bununla yanaşı, mütəxəssislər körpənin dünyaya gəldiyi ilk saat ərzində ana südü ilə qidalanmasına başlamağın vacibliyini də qeyd edirlər: “Ana südü ilə qidalandırmanın üstünlüklərindən biri uşaqda fiziki, emosional inkişafa və müsbət keyfiyyətlərin formalaşmasına imkan yaratmasıdır. Qeyd edilib ki, tamdəyərli qidadır, tez həzm olunur. Uşağın zehni inkişafını yaxşılaşdırır, yarana biləcək xroniki xəstəliklərin qarşısını alır. İmmun sistemini gücləndirir və uşağı infeksiyalardan, pnevmoniya və allergiyalardan qoruyur.
Qeyd edək ki, hər il ölkəmizdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirilir, ana südünün faydaları müntəzəm olaraq təbliğ edilir.
Pediatr-allerqoloq Xəyalə Quliyeva da “Sherg.az"a açıqlamasında bildirib ki, heç bir süni qida ana südünü əvəz edə bilməz. Ümumiyyətlə, "yaxşı uşaq qidası" deyilən bir anlayış yoxdur: “Bəzən valideynlər düşünürlər ki, bahalı uşaq qidaları daha keyfiyyətlidir. Elə deyil. İstər baha, istərsə də ucuz uşaq qidalarının tərkibi, demək olar ki, eynidir. Ana südü Allah tərəfindən qadınlara verilən bir lütfdür. Bir pediatr olaraq bütün pasiyentlərimə və yeni doğuş edən gənc analara hər zaman uşağını yalnız ana südü ilə qidalandırmağı tövsiyə edirəm. Yeni doğulmuş bir körpəni ana südündən məhrum etmək ona edilən ən böyük pislikdir. Ana südü ana ilə uşaq arasında mənəvi bağ yaradır”.
Pediatrın sözlərinə görə, elmi araşdırmalarla sübut olunub ki, ana südünün tərkibindəki qoruyucu mikroblar ananı və uşağı xərçəng riskindən qoruyur: “Ana südünün tərkibində orqanizm üçün lazım olan bütün minerallar, vitaminlər, mədə-bağırsaq fermentləri kifayət qədədir. Ana südünün tərkibində az olan yeganə vitamin D-dir ki, o da uşağa ikinci həftəliyindən etibarən dərman kimi təyin olunur. Ana südü ilə qidalanan uşaqlarda tənəffüs, mədə-bağırsaq infeksiyaları, allergiyalara daha az rast gəlinir. Təkcə uşaq üçün yox, ananın özü üçün də çox faydalı bir prosesdir. Süd verən analar döş, yumurtalıq və uşaqlıq xərçəngi kimi təhlükələrlə üzləşmirlər. Südlə qidalandırma anemiya riskini də azalır. Eyni zamanda bütün qadınların yaralı yeri olan artıq çəki probleminə də “dərman”dır. Yəni çox kalori itirdiyinə görə artıq çəki almır. Həmçinin gecələr oyanıb qida isitmək əziyyətini çəkmir. Ana südü bədən temperaturunda olduğu üçün daha rahatdır və hər an verilə bilər. Ən əsası da ekonomikdir. Əgər həqiqətən də ananın südü yoxdursa, bu zaman ana südü ilə yanaşı süni qida vermək olar. Amma baxırsan ki, gündə 4-5 dəfə uşağın "pampersi"ni dəyişir, hər ay normal çəki alır, ana da “südüm uşağı doydurmur “ deyib süni qidaya keçir. Hətta uşaq həqiqətən doymasa da, tez-tələsik süni qidaya keçmək lazım deyil. Ana südünü artıran qidalar təyin etməklə ananın qida rasionunu düzəltmək lazımdır”.