Astma xəstələri üçün əla xəbər

50 ildən sonra ilk dəfə yeni müalicə kəşf edildi

  Astma xəstələri üçün yeni müalicə üsulunun kəşfi tibb sahəsində son 50 ilin ən böyük uğuru adlandırılıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, yeni üsul indiyədək tətbiq edilən müalicə metodlarının kökündən yanlış olduğunu göstərir. Yeni dərmanın klinik sınaqları göstərir ki, bu, ağır xəstəliyi olan insanların həyatı üçün təhlükə yaradan tənəffüs çətinliyinin müalicəsində ənənəvi üsullardan qat-qat effektivdir. Astma müalicəsində yeni inkişafın ümidverici olduğu bildirilir. Yeni dərman xəstəliyin ağır formasını yaşayan insanlarda həyati təhlükə yaradan tənəffüs çətinliklərinin müalicəsində ənənəvi steroid həblərdən daha təsirlidir. Monoklonal antikor xüsusi olaraq eozinofilik astma adlanan bir xəstəliyi olan insanların ağciyərlərinə nüfuz edən ağ qan hüceyrələrini hədəf alır və tənəffüs yollarının şişməsinə və bağlanmasına səbəb olur. Bu tip astma xəstəliyin bütün kəskin alovlanmalarının təxminən yarısını təşkil edir. Xroniki obstruktiv ağciyər xəstəliyinin (KOAH) bütün ağır alovlanmalarının üçdə birinin əsasında eyni bioloji mexanizm dayanır. Lakin İngiltərədə London Kral Kollecindəki tədqiqatçılar, hücum zamanı ağıllı dərman iynələri alan astma və ya KOAH xəstələrinin dörd həftə sonra xırıltı, nəfəs darlığı və digər simptomlardan daha az əziyyət çəkdiyini kəşf ediblər. “The Lancet Respiratory Medicine” jurnalında dərc edilən nəticələrə görə, onların həyat keyfiyyətində də əhəmiyyətli irəliləyiş var. Professor Mona Bafadhel deyib ki, bu, astma və KOAH xəstələri üçün “oyun qaydaları”nı dəyişdirə bilər: “Ümid edirik ki, bu tədqiqat gələcəkdə kəskinləşmələrin müalicə üsulunu dəyişdirəcək və nəticədə dünyada astma və KOAH ilə yaşayan bir milyarddan çox insanın sağlamlığını yaxşılaşdıracaq". Böyük Britaniyada hər gün orta hesabla dörd astma və 85 KOAH xəstəsi ölür. Steroid tabletləri onilliklər ərzində alovlanma zamanı müalicənin əsasını təşkil edərək, ağciyərlərdə iltihabı azaldır. Ancaq həmişə təsir etmədiyi üçün xəstələr dərmanı təkrar qəbul etməlidirlər ki, bu da onları yenidən xəstəxanaya yerləşdirmə və bəzən ölüm riski ilə üz-üzə qoyur. Daimi istifadə diabet və sümükləri zəiflədən osteoporoz riskini də artırır. 36 yaşlı Şeraz Hüseyn 13 il əvvəl eozinofilik astma xəstəliyinə tutulub. Vəziyyəti nəzarətdən çıxıb və demək olar ki, hər gün astma tutmaları keçirməyə başlayıb. Lakin xəstəxanada tətbiq edilən yeni dərmanın vurulması onun xəstəliyini stabilləşdirməyə kömək edib. O, "Sky News"a bildirib ki, sağlamlığına və həyatda qalacağına inanmaqda çətinlik çəkib: “Mən elə bir vəziyyətə düşürdüm ki, heç bir şey məni sakitləşdirə bilmirdi. Həyatım boyu necə sağ qalacağam”, deyə düşünürdüm. Alovlanmalar, sinə infeksiyaları, nəfəs darlığı yaşadım... Amma dərman qəbul edəndən bəri inanılmaz bir dəyişiklik, yüngüllük hiss edirəm”. Yeni dərman eozinofilik astması olan insanlarda simptomları idarə etmək üçün daha aşağı dozada istifadə edilə bilər. Bununla belə, hücum zamanı daha yüksək dozada enjeksiyonun daha yaxşı nəticələrə səbəb olmasının tapılması vacibdir. İngiltərə Astma + Ağciyər xeyriyyə təşkilatından həkim Samanha Volker “bu, ağciyər xəstəlikləri olan insanlar üçün əla xəbərdir", deyib və əlavə edib: "Ancaq bunun 50 ildə ilk yeni müalicə olması dəhşətlidir və ağciyər sağlamlığı ilə bağlı araşdırmaların nə qədər az maliyyələşdirildiyini göstərir".