Alimlər yayın ən faydalı giləmeyvələrini açıqlayıblar

Rusiyanın Qidalanma və Biotexnologiya Federal Tədqiqat Mərkəzinin (FİTS) alimləri 2026-cı ilin yay mövsümünün sağlamlıq üçün ən faydalı giləmeyvələrinin siyahısını təqdim ediblər.

Sherg.az xəbər verir ki, mütəxəssislərin fikrincə, çiyələk, qara, qırmızı və ağ qarağat, qaragilə, moruq və göyəm güclü antioksidantlar, C vitamini, kalium, lif və digər faydalı maddələrlə zəngindir.

Araşdırmaya görə, qara qarağat C vitamini baxımından liderdir və immuniteti gücləndirir. Qaragilə göz və beyin sağlamlığını dəstəkləyir, moruq iltihabəleyhinə təsir göstərir, çiyələk isə ürək-damar sisteminə və su-duz balansının qorunmasına kömək edir.

Alimlər giləmeyvələrin ən faydalı şəkildə təzə və ya dondurulmuş formada istehlak edilməsini tövsiyə ediblər. Bununla yanaşı, allergiyası və ya mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxslərə bəzi giləmeyvələri ehtiyatla qəbul etmək məsləhət görülür.