Mütəxəssis həkim açıqladı: 2 xroniki xəstəliyin qarşısını alan qida
Yeni bir araşdırma göstərib ki, meyvə, tərəvəz, qoz-fındıq və tam taxılların müntəzəm istehlakı iki xroniki xəstəlik – ürək xəstəliyi və 2-ci tip şəkərli diabet riskini azalda bilər.
Sherg.az xəbər verir ki, Amerikalı alimlərin 36 il davam edən genişmiqyaslı araşdırması göstərib ki, fitosterol baxımından zəngin bitki mənşəli qidalar maddələr mübadiləsini yaxşılaşdırır və iltihabı azaldır.
Harvard Universitetindən tədqiqatçı Dr. Fenglei Vang rəhbərliyində aparılan araşdırmada 200 mindən çox yetkin şəxsin qidalanma vərdişləri və sağlamlıq məlumatları təhlil edilib.
Fitosterollar – fındıq, toxum, taxıl və bitki yağlarında təbii şəkildə mövcud olan və xolesterinə bənzəyən birləşmələrdir. Bu maddələr qanda “pis” xolesterin (LDL) səviyyəsini azaltmağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Riskdə 10% azalma müşahidə olunub
Tədqiqat nəticələrinə görə, tərəvəz, meyvə, tam taxıl və qoz-fındıq kimi məhsulları tövsiyə olunan miqdarda qəbul edən şəxslərdə ürək xəstəliyi və 2-ci tip diabetə tutulma riski təxminən 10% daha aşağı olub. Lakin araşdırmada amerikalıların 90%-nin bu qidalanma kriteriyalarına əməl etmədiyi də vurğulanıb.
Bundan əlavə, 40 min nəfərin qan nümunələri üzərində aparılan analizlər göstərib ki, fitosterol qəbul edən insanların maddələr mübadiləsi göstəriciləri daha yaxşıdır. Fitosterolların insulin müqavimətini azaltdığı və 2-ci tip diabet riskini aşağı saldığı, eyni zamanda ürək ətrafındakı iltihabın qarşısını aldığı müəyyən edilib.
Fitosterol hansı məhsullarda var?
Fitosterollar ən çox emal olunmamış bitki yağlarında, qoz-fındıqda və toxumlarda olur. Badam, fıstıq, kaju kimi çərəzlər; yulaf və arpa kimi tam taxıllar; noxud, mərci və soya kimi paxlalılar bu maddənin əsas mənbələri sayılır. Həmçinin brokoli, gül kələmi, ənginar və çiyələk, banan kimi meyvələrdə də fitosterola rast gəlinir.
ABŞ-da vəziyyət necədir?
Amerika Ürək Assosiasiyasına görə, ABŞ-də böyüklərin təxminən 48%-i hər hansı bir ürək-damar xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklər hər il ölkədəki ölümlərin beşdə birinə səbəb olur. Digər tərəfdən, 37 milyondan çox amerikalı 2-ci tip şəkərli diabetlə mübarizə aparır.
Bitki əsaslı qidalanma təsdiqləndi, amma daha çox araşdırma lazım
Dr. Vanq, əldə edilən nəticələrin bitki mənşəli qidalanmanın sağlamlıq üzərindəki müsbət təsirlərini dəstəklədiyini bildirib. Lakin elm adamları fitosterolların orqanizmdə necə təsir göstərdiyini daha dəqiq anlamaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayır.
Araşdırma rəsmi şəkildə təqdim olundu
Araşdırmanın nəticələri Florida ştatının Orange County bölgəsində keçirilən “Beyin və Kardiometabolik Sağlamlıq üçün Bioaktivlər” sessiyasında təqdim olunub. Tədqiqat yaxın günlərdə "Nutrition" jurnalında dərc olunacaq.