Kontakt linzadan istifadə edən 47 yaşlı Emma Marsdenin etdiyi kiçik səhv ağır göz infeksiyasına və görmə qabiliyyətinin itirilməsinə səbəb olub.
Sherg.az xəbər verir ki, üç uşaq anası olan Marsden at tövləsində işləyərkən palçıq və su ilə dolu arabaya yıxılıb. Üzünü su ilə yusa da, həmin vaxt kontakt linzalarını çıxarmayıb.
Hadisədən bir neçə gün sonra sağ gözündə güclü yanma və ağrılar başlayıb. Əvvəlcə adi qıcıqlanma kimi qiymətləndirilən problem qısa müddətdə ağırlaşıb və qadın sağ gözündə görmə qabiliyyətini tam itirib.
Müayinələr zamanı həkimlər onun göz buynuz qişasında (korneada) akantamoeba adlı mikroskopik parazit və fusarium göbələk infeksiyası aşkar ediblər. Mütəxəssislərin sözlərinə görə, bu mikroorqanizmlər torpaq, göl, çay və hətta kran suyunda da rast gəlinir və kontakt linzalar vasitəsilə gözə keçərək ciddi fəsadlar yarada bilir.
Həkimlər infeksiyanın yayılmasının qarşısını almaq üçün intensiv müalicəyə başlayıblar. Qadının gələcəkdə kornea transplantasiyasına ehtiyac duya biləcəyi bildirilib.
Mütəxəssislər kontakt linza istifadəçilərinə duş qəbul edərkən, üzərkən və ya üzlərini yuyarkən linzaları çıxarmağı tövsiyə edirlər. Emma Marsden isə hər kəsi göz sağlamlığına laqeyd yanaşmamağa çağırıb.