“Paşinyanın hakimiyyəti dönəmində sülh prosesi tamamilə dayanıb” - ŞƏRH 



“Paşinyanın hakimiyyətə gəldiyi təqdirdə Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə sələflərindən daha sərt mövqe sərgiləyəcəyini öncədən bildirmişdim”

Bunu “Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib. 

Partiya funksioneri bildirib ki, Paşinyanın baxışları daşnaklarla tam üst-üstə düşür: 

“Təəssüflər olsun ki, bəziləri Paşinyanı “demokrat”, “Qərb yönlü”, “islahatçı” və s. kimi təqdim etməyə çalışırdılar. Belə zənn edənlər münaqişənin həllində dönüş nöqtəsinin olacağına yersiz ümidlər bəsləyirdilər. Göründüyü kimi Paşinyanın baş nazir kimi hakimiyyətdə olduğu dönəmdə problemin həlli istiqamətində heç bir addım atılmayıb. Əksinə sülh prosesi demək olar ki, tamamilə dayanıb. Baş nazir açıq şəkildə Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağını təkrar edir.
Eyni zamanda Dağlıq Qarabağın separatçı rejimini danışıqlar prosesinə müstəqil tərəf kimi cəlb ebilməsinə çalışmaqla faktiki olaraq separatçı rejimi tanıtdırmağa çalışır. Azərbaycan da bunu israrla rədd edir. Bu isə qondarma rejimin probleminin nizamlanma prosesinin iflası və dalana dirənməsi deməkdir”.

Partiya funksioneri Paşinyandan konstruktiv mövqe gözləmədiyini söyləyib:

“Əgər Azərbaycan hərbi vasitəyə əl atarsa, o zaman Paşinyan danışıqlar masasında oturub, normal danışıqlara gələ bilər. Yəni rəsmi Bakı Paşinyanı masaya əyləşməyə məcbur etməlidir”.