Həmsədrlər snayperlərin geri çəkilməsini və cəbhədə müşahidə kameralarının quraşdırılmasını istəyir
"Bu, Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm snayperlərin geri çəkilməsi, həm də müşahidə kameralarının quraşdırılması status-kvonun uzanmasına şərait yaradır"
Cəbhə bölgəsində nisbi sakitlikdir. Atəşkəs keçmiş aylarda və həftələrdə olduğu kimi intensiv pozulmur. Hətta uzun illərdən sonra tərəflər girovları dəyişdirməyə nail oldular. Doğrudur, hər iki tərəf ancaq bir girov dəyişdirdi. Ancaq bu prosesin gələcəkdə genişlənəcəyinə ümidlər var.
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri və mövcud vəziyyəti “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra iki müsbət nəticə əldə olunub. Analitikin fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrləri hazırda bu iki nəticənin genişlənməsinə çalışır:
“Həmsədrlər çalışacaqlar ki, tərəflər daha çox girov dəyişdirsinlər. Azərbaycan da bunu istəyir. Məsələn, Azərbaycan Dağlıq Qarabağda saxlanılan iki girovu Azərbaycanın əlində olan bütün erməni girovlarla dəyişməyə hazırdır. Ancaq hələ ki, Ermənistan buna hazır deyil. Ermənistanın baş naziri Nikol Paşinyan həmin iki girovu bəlkə də azad etmək istəyir, sadəcə o, Dağlıq Qarabağ separatçılarından və elə Ermənistandakı “Qarabağ klanı”nın etirazından qorxur. Çünki həm Xankəndindəki separatçılar, həm də İrəvandakı “Qarabağ klanı” Dağlıq Qarabağdakı iki girovun azad edilməsini Paşinyanın Azərbaycanın təzyiqi qarşısında zəifliyi kimi qəbul edəcək və ona qarşı təzyiqi artıracaqlar. Halbuki, iki givorumuzun azad edilməsi Ermənistanın özünün xeyrinədir. Bu, Paşinyanın arzuladığı inam atmosferinin yaranması üçün ilk addım da ola bilər”.
Ekspertin sözlərinə görə, həmsədrlər atəşkəsin indiki kimi daimi xarakter alması üçün yeni mexanizmlər üzərində işləyirlər:
“Vasitəçilər çox arzulayırlar ki, snayperlər hər iki tərəfdən geri çəkilsin və ya bütün cəbhə boyu müşahidə kameraları quraşdırılsın. Bunu Ermənistan da istəyir. Ancaq bu, Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm snayperlərin geri çəkilməsi, həm də müşahidə kameralarının quraşdırılması status-kvonun uzanmasına şərait yaradır. Snayperlərin geri çəkilməsi və müşahidə kameralarının quraşdırılması işğalçı Ermənistanı rahat salacaq. Eyni zamanda Azərbyacanın Ermənistana qarşı təzyiq imkanlarını azaldacaq. Bu baxımdan rəsmi Bakı həmsədrlərin bu iki təklifini qəbul edə bilməz”.
E.Şahinoğlu girovların dəyişdirilməsinə və atəşkəsin qorunmasına baxmayaraq, münaqişənin köklü həllində irəliləyişin olmadığını bildirib:
“Yay aylarında toqquşma riski böyükdür. Ona görə də həmsədrlərin hər il olduğu kimi başlıca məqsədi yay aylarını ötürməkdir. Ancaq cəbhə bölgəsində durum istənilən an dəyişə bilər. Məsələn, Ermənistan ordusu işğal altındakı təlimlərə başlasa, bu, atəşkəsin pozulmasına rəvac verəcək. Belə hallar dəfələrlə olub”.