“Bu məkirli qüvvələr güclü Azərbaycanı istəmirlər”


“Düz bir il əvvəl Azərbaycan dövləti və xalqı Gəncədə növbəti terrorla üzləşdi. Şübhəsiz ki, bu Azərbaycanın müstəqilliyinə qarşı həyata keçirilən növbəti çirkin akt idi”

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, dövlətimizə qarşı həyata keçirilən bu çirkin terror aktında Gəncənin seçilməsini təsadüfi saymaq olmaz: 



“Gəncə hadisələrindən bir ay əvvəl 2018 ci il mayın 28-də ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrində müəllifləri Luke Coffey və Efgan Nifti olan “Azərbaycan Qərbə niyə lazımdır” başlıqlı məqalə diqqətimi cəlb etmişdi. Tanınmış nəşr sanki baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Məqalədə Asiyanın həyati əhəmiyyətli enerji resurslarının İran və Rusiyadan keçməməsi üçün təkcə bir yolun olduğuna xüsusi ilə toxunulurdu! Bu yol - Gəncə keçididir.  Avropa ilə Asiya arasında ticarət və enerji xəttlərinin cəmi 3 ölkə, İran, Rusiya və Azərbaycan vasitəsi ilə keçildiyini nəzərə alsaq, Gəncə və ətrafının Qərb üçün necə strateji əhəmiyyət daşıdığını anlamaq olar. Məqalədə qeyd edilir ki, Gəncə yolunun strateji əhəmiyyəti onun həm Xəzər hövzəsinin enerji resurslarının müxtəlif xəttlər vasitəsi ilə Avropaya daşınmasında, həm də nəqliyyat dəhlizi üzərində yerləşməsindədir. Göründüyü kimi, yazıda açıq-aşkar şəkildə, Gəncə ətrafında baş verə biləcək təxribatlar istisna edilmirdi”.

Ekspertin sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən, dövlətimizi zəiflətmək istəyən qüvvələr istər xaricdə, istərsə də daxildə kifayət qədər çoxdur

“Bu qruplar müxtəlif ölkələrdən idarə olunaraq üzərimizə şığımaq üçün əlverişli məqam gözləyirlər. Gəncə hadisələrinin ildönümü ilə əlaqədar müxtəlif radikal klerikal dairələr tərəfindən idarə olunan saytlarda və sosial şəbəkələrdə yenidən fəallaşma müşahidə edilməkdədir. Həmin səhifə və saytlarda Azərbaycan dövləti məzhəb savaşı ilə təhdid edilir. Ölkədə əsrlərlə formalaşmış millətlərarası və dinlərarası dostluq mühiti şübhə altına alınır. Xarici qrupların fəaliyyətinin kordinasiyalı şəkildə olması da göz qabağındadır. Təəsüflər olsun kı, bəzən “özümüzünkilər” də həmin dairələrin “peşka”sına çevrilərək vətənə xainlik edirlər. Azərbaycanda “demokratiya” və “insan haqları” adı altında radikal müxalifətin bəzi nümayındələri öz cılız məqsədlərinə nail olmaq, yeni maliyyə imkanları əldə etmək üçün istənilən xarici qüvvənin əlaltısına çevrilməyə hazırdırlar. Amma, Azərbaycanı Suriya, İraq və Liviyaya çevirə bilməyəcəklər. Çünki, Azərbaycan xalqının başında onun Prezidenti dayanır”.

Analitik vurğulayıb ki, hər bir ölkənin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm daşıyan faktorlardan birincisidir

“Çünki həm dövlətin yüksəlişi, həm də var olan problemlərin aradan qaldırılması, eyni zamanda hər bir dövlət qarşısında çağırışlara cavab vermək üçün liderin apardığı rol və onun dünya siyasətində tutduğu mövqe çox vacibdir. Bu kontekstdən məsələləri təhlil edərkən doğrudan da, Ümummilli lider Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadıqlarını əminliklə bildirmək olar. Prezident İlham Əliyevə 2018-ci ildə baş tutan seçkilərdə xalq tərəfindən verilən dəstək bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Dövlət başçısının Azərbaycan xalqının maraqlarını öndə tutan layihələri reallaşdırması, dövlətimizi regional enerji və nəqliyyat mərkəzinə çevirməsi bir çoxlarını pərişan edir. Çünki, bu məkirli qüvvələr güclü Azərbaycanı istəmirlər”.