“...Bir sıra məsələlərin üzünə işıq salıb. Yəni bütün dünyaya bir daha məlum olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və 7 rayonunda yerləşdirilib”
Məlum olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyanın adından saxta olduğu iddia edilən məktub yayılıb. Həmin məktubda İrəvan rəsmisi NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edərək alyansla sıx əməkdaşlıq etməyə hazır olduğunu, ancaq bunu Qarabağ münaqişəsinin əngəllədiyini vurğulayıb. Bundan başqa, məktubda Nikol Paşinyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan qoşununu çıxaracağına boyun olub. Ermənistanın Xarici İşlər Nazirliyi isə məktubu “saxta” adlandıraraq əlavə şərh verməkdən imtina edib. Paşinyanın mətbuat katibi də məsələyə hələlik münasibət bildirməyib. Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan isə hadisədən xəbərdar olduqlarını deyərək açıqlama verməyib.
Yayılmış saxta məktubla bağlı “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan deyib ki, məktub saxta olsa belə, bir sıra məsələlərin üzünə işıq salıb:
“Bütün dünyaya bir daha məlum olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və 7 rayonunda yerləşdirilib. Başqa sözlə, Ermənistan işğalçı dövlətdir. Bu dövlətin Qərbdəki bir sıra qurumlara, o cümlədən NATO-ya inteqrasiya olunmasında ciddi problemlər var. Maneələrin başında isə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında yerləşdirilməsidir. Yeri gəlmişkən, NATO münaqişə ilə bu və ya başqa şəkildə əlaqəsi olan ölkələri üzvlüyə qəbul etmir. Bununla belə, ərazilərində münaqişə olan keçmiş sovet respublikaları - Ukrayna, Gürcüstan, Moldova, o cümlədən Azərbaycan və Ermənistan hərbi-siyasi alyansın tədbirlərində iştirak edir. Bir neçə ay əvvəl hərbi alyansın Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı, general Körtis Skaparotti Azərbaycanın nümayəndə heyəti ilə görüşdə ölkəmizin alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd etmişdi. General ölkəmizin terrora qarşı mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara önəmli töhfə verdiyini yüksək qiymətləndirmişdi. Skaparotti həmçinin, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini diqqətə çatdırmışdı. Qurumun siyasi-hərbi blok olduğunu və münaqişənin həllinə maraq göstərdiyini nəzərə alsaq, alyansın qoşununun bufer zonada yerləşdirilməsinin mümkünlüyünü də ehtimal etmək olar”.
Ekspertin sözlərinə görə, saxta olduğu iddia edilən məktubda bu məqamlar da vurğulanıb:
“Belə çıxır ki, Ermənistanda da bunu istəyənlər var. NATO-nun sülhməramlıları yerləşdirilərsə, o zaman Rusiya hərbçilərinin Qarabağda dislokasiya olunması ikinci plana keçir. Görünür, Ermənistanda da münaqişənin həllində Rusiyanın iştirakını istəməyənlər az deyil. O zaman İrəvan hökumətinin Moskva ilə münasibətlərdə “dostluq” və “qardaşlıq” kimi ifadələri saxtadır. Erməni cəmiyyəti qoşunların işğal altında olan Dağlıq Qarabağdan çıxarılmasını istəyir. Əslində, NATO-ya müraciətlə bu prosesə mane olanın da təsviri verilib. Bu məktubu qonşularla daim münaqişə vəziyyətində olan, problemlərdən bezən, başqa dövlətlərin maraqlarının ifaçısı rolunda olmaqdan yorulan Ermənistan ictimaiyyətinin sifarişi kimi də qəbul etmək olar. Məktub Ermənistan ictimaiyyətinin Qarabağdakı erməni icması liderlərinə qarşı etiraz çıxışı da sayıla bilər”.
S.Soltanın fikrincə, əgər məktub saxta deyilsə, deməli Ermənistanın təhlükəsizlik sistemi işləmir: “Ötən il Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyanla xüsusi istintaq xidmətinin başçısı Sasun Xaçatryanın Robert Koçaryan və Yuri Xaçaturovla bağlı telefon danışıqları yayılmışdı. O zaman Nikol Paşinyan danışıqların real olduğunu təsdiqləmişdi. Bu baxımdan ehtimal etmək olar ki, həmin məktub mövcud olub, ancaq hakimiyyət təkrar informasiya sızması qalmaqalından yayınmaq üçün bu paylaşımı “saxta” sayıb. Bir versiya da mümkündür. Xəbərin yayılmasında Ermənistan hakimiyyəti özü maraqlıdır. Ehtimal etmək olar ki, rəsmi İrəvan bununla ölkə cəmiyyətinin, dost və düşmənlərin münasibətini öyrənmək istəyib”.