Eldar İbrahimov: “Davos görüşlərində Azərbaycanın xüsusi yeri var”

“Bu qurumun hesabatlarına görə, Azərbaycan bütün göstəricilərinə görə daim öndə olub”



“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı, dünyanın tanınmış liderləri, o cümlədən nüfuzlu şirkət rəhbərləri ilə görüşü mühüm yeniliklərə qapı açacaq”.

Bunu Sherg.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, iqtisad elmlər doktoru Eldar İbrahimov deyib. 

Deputat bəyan edib ki, belə görüşlərdə Azərbaycana yeni investisiyaların cəb edilməsi, ölkəmizin iqtisadi durumunun daha da inkişaf etdirilməsi baxımdan önəmli nəticələr əldə olunur: 

“Davos görüşlərində Azərbaycanın xüsusi yeri var. Məhz bu qurumun hesabatlarına görə, Azərbaycan bütün göstəricilərinə görə daim öndə olub. Dünyanın inkişaf etmiş ölkələri ilə eyni sıralarda dayanmışıq. Bu da dünya səviyyəsində tanınan cənab İlham Əliyevin uğurlu xarici və iqtisadi siyasətinin nəticəsidir. Bu istiqamətdə görülən işlər göz qabağındadır və xalq bunu yüksək dəyərləndirir. Mən də deputat olaraq dövlət başçısının Davosda iştirakını və çıxışlarını çox yüksək qiymətləndirirəm. Çünki bu təmaslar Azərbaycan iqtisadiyyatının inkişafına müsbət töhfələr verəcək. Eyni zamanda Azərbaycanın xarici siyasətinə, ölkəmizin dünyada tanınmasına təsir göstərəcək”. 

Millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanın iştirakı olmadığı halda heç bir mühüm layihə reallaşa bilməz: 

“Bu da Azərbaycan dövlət başçısının nüfuzundan, hörmətindən və aparılan uğurlu xarici və iqtisadi siyasətdən irəli gəlir. Bundan böyük nə ola bilər ki? Azərbaycanın bütün nailiyyətləri və ölkədəki əmin-amanlıq Prezidentimiz sayəsindədir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Qərb ölkələri və nüfuzlu təşkilatlarla yüksək əməkdaşlıq etməkdədir. Azərbaycandakı iqtisadi durum, əldə olunan iqtisadi uğurlar birbaşa cənab Prezidentin dili ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Davosda dünyanın ən tanınmış liderləri, hökumət başçıları iştirak edirlər. Onların hamısı görür ki, Azərbaycan nə qədər düzgün siyasət yeridir. Avropa ölkələrinin 100 il ərzində əldə etdikləri uğurları Azərbaycan 10-15 il ərzində qazanıb. Bu da güclü iradənin və düşünülmüş daxili-xarici siyasətin nəticəsində reallaşıb. O baxımdan dövlət başçısının Davosda keçirdiyi bütün görüşlərin və çıxışların xüsusi əhəmiyyəti var. Məhz bu sayədə Azərbaycan dünyada tanınır və haqlı mövqeyimizə beynəlxalq dəstək verilir”.