Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlament komitələrinin rəhbərliyində digər partiyaların təmsilçiliyi məsələsindən danışıb.
Deputat bəyan edib ki, bu amil digər siyasi qüvvələrin məsuliyyətini artırır. Onları inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir: “Bütün bunları nəzərə alaraq, “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını təklif edirik.
Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər”.
Zahid Orucun “Parlament müxalifəti” təklifini şərh edən siyasilər birmənalı fikir səsləndirməyiblər. Deputatın təklifinə dəstək verənlərlə yanaşı, ayrıca qanuna ehtiyac olmadığını düşünənlər də var.
BAXCP sədrinin müşaviri Azər Qasımov “Şərq”ə deyib ki, idarəetmə və qanunverici orqanlarda digər partiyaların təmsil olunması çox aktual və vacib məsələdir. A.Qasımov vurğulayıb ki, intellektli insanların potensialından istifadə etmək dövlətin mənafeyi baxımından çox vacib məsələdir:
“Dövlətin mənafeyi bu potensialı tam şəkildə istifadə etməyi vacib edir. Bu baxımdan istər hakimiyyətyönlü, istər müxalif, istərsə də bitərəf olan potensiallı insanların dövlət idarəçiliyinə cəlb edilməsi belə insanların ölkənin gələcək inkişafında rol oynamasına kömək edər. Eyni zamanda bu şəxslər hakimiyyətlə birlikdə idarəçiliyin məsuliyyətini bölüşərlər. Bu sahədə təcrübə toplayarlar. Hakimiyyətin yeni seçilmiş parlamentə digər partiyalardan olan deputatları da cəlb etməsi dövlətçilik maraqlarına uyğundur.
Belə şəraitdə formalaşan parlament müxtəlif fikirlərin diskusiyasından doğan yeni fikirlərlə daha aktiv və məhsuldar fəaliyyət göstərəcək. Prinsipial məsələlərdə cəld və operativ qərarlar verən orqana çevriləcək.
Bu baxımdan Zahid Orucun “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunması təklifini normal qəbul edirəm. Müxalifətin parlamentdəki vəzifəsi məlumdur. Hazırlanan qanunların effektivliyini artırmaq üçün alternativ fikir, alternativ qanun layihələri irəli sürmək, təklif vermək. Ayrıca qanun layihəsinin hazırlanması müxalifətin verdiyi təkliflərin effektivliyini artırmaq üçün hüquqi baza yaradacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, müxalifətin inkişafı, parlament və ölkə həyatında fəal iştirakı iqtidar üçün də, dövlət üçün də faydalı və zəruridir:
“Müxalif partiyaların parlamentdə komissiyalarda təmsil olunması təqdirəlayiqdir. Amma parlament müxalifəti haqda ayrıca qanunun qəbul olunması bir qədər normal deyil.
Qanunlar müxalifətə və ya fərdlərə görə deyil, ümumən dövlət və vətəndaşlar üçün qəbul edilməlidir. Müxalifət ayrı zümrə deyil ki, onun üçün ayrıca qanun olsun. Sadəcə müxalifətin fikirlərinə hörmət etmək, tənqiddən nəticə çıxarıb, əməl etmək kifayətdir. Bunun üçün xüsusi qanun niyə olmalıdır? Parlament hansısa qrupun, bir partiyanın deyil. Milli Məclis xalqın, vətəndaşındır və seçici istədiyini seçib ora göndərmək hüququna malikdir”.