“Hətta arxalandığı Avropa ölkələri hava səmalarını, aeroportlarını Ermənistan təyyarələrinin üzünə bağlayıb”
“Bu da onu göstərir ki, Ermənistanın apardığı siyasət təkcə regionda deyil, bütün dünyada onun hərbi ritorikasının dağılmasına gətirib çıxarıb”
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunub.
Prezident çıxışı zamanı Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətini ifşa edərək, Ermənistanda 2018-ci ilə kimi cinayətkarların hakimiyyətdə olması faktlarını açıqlayıb. Ölkə başçısı münaqişənin həlli istiqamətində tarixi həqiqətlərin, siyasi, hüquqi, iqtisadi və hərbi üstünlüklərin Azərbaycanın mövqeyini gücləndirdiyi qeyd edib.
Prezidentin açılışdakı çıxışını yüksək dəyərləndirdiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya kimi çətin dövrdə Prezidentimizin idman kompleksinin açılışında iştirak etməsi onun idmana nə qədər əhəmiyyət verdiyinin sübutudur.
Politoloq bildirib ki, cənab Prezident məqam düşdükcə Ermənistanın Azərbaycana qarşı yeritdiyi siyasətə toxunur və ermənilərin iç üzünü açıb göstərir:
“Bu, təkcə Respublika daxilində olan tədbirlər zamanı olmayıb. Prezident virusa qədər beynəlxalq təşkilatlarda əhəmiyyətli çıxışlar edib. Paşinyanla üz-üzə gəlməsi və onu susdurması hər birimizin yadındadır. Bu gün beynəlxalq aləmdə virusdan ən çox əziyyət çəkən Respublika Ermənistandır. Ona görə əziyyət çəkmir ki, orada virusdan əhali xəstələnir. Əziyyətin əsas səbəbi Ermənistanın apardığı siyasətin virusa qədər və virusdan sonra təklənməsi, iqtisadiyyatının çökməsidir”.
Ə.İbrahimov qeyd edib ki, tarix boyu Ermənistanın Azərbaycanda gözü olub, Türkiyə və Gürcüstana qarşı eksponsiya siyasəti aparıb:
“Son nəticədə Ermənistan təklənəcək. Bu gün Ermənistan təkləndiyinin şahidi oluruq. Hətta çox ümid etdiyi və arxalandığı Avropa ölkələri hava səmalarını, aeroportlarını Ermənistan təyyarələrinin üzünə bağlayıb. Bu da onu göstərir ki, Ermənistanın apardığı siyasət təkcə regionda deyil, bütün dünyada onun hərbi ritorikasının dağılmasına gətirib çıxarıb”.
Analitik hesab edir ki, cənab Prezident Ermənistanın hansı vəziyyətdə olduğunu hər kəsdən yaxşı bilir:
“Ölkə başçısı məhz buna görə də çox səbrlə davranır. Kimsə təhrik edə bilər ki, Respublikamız nə üçün müharibəni başlatmır. Amma son nəticədə hamımız bilirik ki, Prezidentimiz Ermənistanın uçuruma getdiyini yaxşı görür. Çox çəkməyəcək ki, Ermənistan “yıxılacaq”. Buna görə müharibə edib dünya dövlətləri arasında qınaq obyektinə çevrilmək lazım deyil. Əlbəttə, ölkə başçımızın elan etdiyi kimi, lazım olacaqsa, müharibəyə də əl atacağıq. Amma hələ də biz Ermənistana vaxt veriri ki, bəlkə ağıllana və başa düşə ki, bu siyasətin nəticəsi yoxdur və öz-özünə dağılıb gedəcək. Bütün bunlar xalqımızıma bir mesajdır ki, dövlətimizin apardığı xarici siyasət tamamilə düzgündür. Bu siyasət nəticəsində çox çəkməyəcək ki, torpaqlarımızı azad edəcəyik”.