“Bu qurum ölkəmizdə «beşinci kolon»u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir”
“Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının maraqların arxasında əriməsi, Ermənistana dəstək”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, AŞPA-dan qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən qondarma prezident seçkilərinə münasibətdə susqunluğu ikili yanaşmanın bariz nümunəsidir:
“Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaqdadır. Bundan başqa ölkəmizə qarşı saxta məruzələr qəbul etdirmək niyyətindədir. Azərbaycanda «beşinci kolon»u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Bu yanaşmalar öncədən məlum idi. Demokratik prinsiplərin inkişafı ilə məşğul olmalı olan Avropa Şurasının işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi sıralarına qəbul edəndə sonrakı dövrlərdə ədalət meyarını necə qoruyacağına işıq salmışdı.
V.Rəhimzadə bildirib ki, Avropa Şurası ölkəmizlə bağlı qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” adlı qətnamədə Azərbaycanın demokratik inkişafını təqdir edir, amma ikili yanaşmasından da əl çəkmir:
“Hansı ki, Azərbaycanla Ermənistanı eyni vaxtda sıralarına qəbul edərkən bu öhdəlik götürüldü ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmalıdırlar. Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən hər bir “seçki” şousuna müsbət rəyini ya açıq şəkildə ifadə edən, yaxud da bu dəstəyini susmaqla bildirən Avropa Şurası üzərinə götürdüyü missiyanı hansı şəkildə yerinə yetirə bilər? Avropa Şurasından gözləntilərimizi açıqlayarkən qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini xüsusi qeyd edirik. Amma qurum istər demokratik islahatlara münasibətdə, istərsə də Dağlıq Qarabağ probleminin həllində ikili siyasətini gizlətmir”.
Baş redaktor bildirib, bu gün dünya hüquq problemini yaşayır:
“Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsi zamanıdır. Avropa Şurası kimi qurumlar unudurlar ki, artıq yalanlarının ayaq tutub yeriməsinin vaxtı çoxdan keçib”.