Bizi özləri ilə dəyişik salmasınlar

Fransanın dini abidələrin qorunması ilə bağlı irad tutmağa haqqı yoxdur

"Çünki nə dövlətimiz, nə milli kimliyimiz, nə də dinimiz buna imkan verir. Gələcəkdə Cənab İlham Əliyevin təşəbbüsü ilə həmin dini abidələrin hamısı əsaslı şəkildə təmir və bərpa olunacaq"

Son günlər bəzi ölkələrin təmsilçiləri işğaldan azad olunan Azərbaycan torpaqlarında ermənilərin özününküləşdirdikləri dini abidələrin gələcəyi ilə bağlı narahatdırlar. Onlar Qarabağda olan xristian dini abidələrin taleyilə bağlı əndişə keçirirlər. Bildiyimiz kimi, Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr verib.

Məsələn, ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib. Ancaq bir çox dövlətlər, xüsusən də Fransa Azərbaycanın işğal altındakı torpaqlarında 63 məscidin dağıdılmasını, bəzilərinin içərisində donuz saxlanmasını pisləmədən, xristian məbədlərinin gələcəyindən narahatlıq dilə gətirirlər.

Məsələni "Şərq"ə dəyərləndirən millət vəkili Sahib Alıyev qeyd edib ki, Fransa Senatının işğaldan azad olunan torpaqlarımızdakı xristian dini abidələrinin taleyi ilə bağlı narahatlıq ifadə etməsi əslində başadüşüləndir.
Deputat vurğulayıb ki, biz haqlı olaraq da deyə bilərik ki, bu saxta narahatçılığa heç bir əsas yoxdur:

"Amma məsələnin o biri tərəfini unuduruq. Çünki söhbət başqa dinin daşıyıcılarına, ilk növbədə də müsəlmanlara qarşı ayrı-seçkiliyin olduğu və getdikcə şiddətləndiyi bir dövlətin siyasi elitasından gedir. Onların da Azərbaycandakı xristian abidələrinin taleyi ilə bağlı nigaranlıqları başadüşüləndir.

Yəni oğru hamını oğru bildiyindən bunlar da Azərbaycanı Fransa ilə dəyişik salırlar. O Fransayla ki, paytaxt Parisin yaxınlığında yerləşən Berteni-sür-Orj şəhərindəki məscidin qapısı sındırılıb və içi dağıdılıb.

Ondan öncə isə məscidə qarşı oxşar vandalizm aktları həmin ölkənin Bezye, Bordo, Ajyen və digər şəhərlərində baş verib. Strasburq məscidi tam yandırlılıb. Əlbəttə, belə bir ölkənin dini abidələrin qorunmasıyla bağlı bizə nəsə deməyə, irada tutmağa haqqı olmasa da, bununla bağlı narahatlıqları səbəbsiz də deyil. Elə bilirlər ki, biz də onlar və yaxud da "kiçik bacı" adlandırdıqları kimiyik. Xeyr, deyilik və heç vaxt da olmayacağıq.

Çünki nə dövlətimiz, nə milli kimliyimiz, nə də dinimiz buna imkan verir. Gələcəkdə Cənab İlham Əliyevin təşəbbüsü ilə həmin dini abidələrin hamısı əsaslı şəkildə təmir və bərpa olunacaq".