Lavrov Bakıya təkliflərlə gəlir

Rusiya və Fransanın təşəbbüsü ilə Minsk qrupunu yenidən danışıqlar prosesinə qaytarmaq üçün plan hazırlayırlar


Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin və Fransa rəhbəri Emmanuel Makron arasında baş tutmuş telefon danışığında liderlər Qarabağ ətrafındakı vəziyyətlə bağlı da müzakirələr apardılar. Minsk qrupu həmsədri olan iki ölkə rəhbəri regiondakı vəziyyətin sabit qalması və Rusiya, Azərbaycan, Ermənistan başçılarının 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnun olduqlarını bildirdilər.


Bundan başqa, ATƏT-in Minsk qrupu xətti də daxil olmaqla Qarabağ nizamlanmasının müxtəlif aspektlərinin koordinasiyası ilə bağlı qarşılıqlı hazırlıq ifadə olundu. Telefon danışığından sonra Fransanın İrəvandakı səfiri bildirdi ki, Fransa və Rusiya prezidentləri Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Heç şübhəsiz, baş verənlər “ölü doğulmuş” Minsk qrupunu reanimasiya etmək cəhdinə oxşayır. Ancaq bu cür cəhdlər təəccüb doğurur. Bütün dünya bilir və görür ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində heç bir müsbət irəliləyişə nail ola bilmədi. Artıq münaqişənin tarixdə qaldığı bir vaxtda yenidən bu qurumun vasitəçilik missiyasından danışılması əlbəttə ki, qəbuledilməzdir. Azərbaycan 44 günlük savaş nəticəsində ərazi bütövlüyünü öz hesabına bərpa edə bildi. 10 noyabrda imzalanmış üçtərəfli Bəyannamə silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndi və digər ərazilərə qayıtmasını ehtiva edir. Lakin həmsədrlik missiyası ilə yenidən ortaya atılan ölkələr, nədənsə, bunu həyata keçirmək istəmir, mücərrəd vasitəçilik missiyasından, həllini tapmış “münaqişənin sülh yolu ilə” çözümündən dəm vururlar. Görünən budur ki, İrəvan hələ də ATƏT-in Minsk qrupundan dəstək gözləyir. Ermənistan rəsmiləri bütün xarici təmaslarında və xaricdən qonaq qəbul edərkən həmsədrlik institutuna ehtiyac olduğu yalanını ortaya atırlar. Əslində bu təşəbbüs də anlaşılandır. Ermənistan öz ordusunun tam məhv olduğu, ölkədə siyasi sabitliyin pozulduğu, sosial və iqtisadi böhran yaşandığı, beynəlxalq arenada təkləndiyi bir zamanda İrəvan ATƏT-in Minsk qrupundan mədət umur. 30 il ərzində səmərəsiz bir qurum olduğunu sübuta yetirən ATƏT-in Minsk qrupuna ümid bəsləmək isə siyasi naşılığın nümunəsidir. 44 günlük savaş nəticəsində Minsk qrupunu tam fiaskoya uğratdı və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün hərbi yolla bərpası ilə nəticələndi.

Buna baxmayaraq, həmsədr ölkələr postmüharibə dövründə özləri üçün yeni rol qazanmaq niyyətindən əl çəkmək istəmirlər. Vasitəçilər tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış etmək fikrindədirlər. Konkret təşəbbüslərin nə olacağı da “maraqla” gözlənilir. Rusiyanın rəsmi Fransadan gələn açıqlamaları təkzib etməməsi də göstərir ki, iki ölkə arasında hər hansı sövdələşmə ola bilər. Belə görünür ki, Minsk qrupunun həmsədr ölkələri yenidən aktivləşməklə yekun sülh müqaviləsinə qədərki proseslərdə rollarını artırmaq istəyirlər.

Bir reallıq da odur ki, Rusiyanın regionda gedən proseslərdə fəal iştirakçı olması Qərb dövlətləri tərəfindən rahatlıqla qəbul edilir. Buna görə də Fransa Minsk qrupunun fəaliyyətini genişləndirmək üçün Moskva ilə danışıqlar aparır. Proses bu cür davam edərsə, ABŞ tərəfindən də müəyyən addımlar atıla bilər. Rusiya bu məsələdəki yanaşma ilə göstərir ki, o nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir. Əlbəttə, bu gün Azərbaycan Rusiya üçün daha vacib iqtisadi tərəfdaşdır. Xüsusən, Zəngəzur dəhlizinin açılması Rusiyanın iqtisadi maraqlarına tam cavab verir. Fransanın siyasəti isə başdan-başa erməni lobbisinin təsiri altındadır. O baxımdan, Fransanın hansısa təşəbbüslərinin təsir gücü aşağı olacaq.


Həmsədr ölkələrin reallığı qəbul edərək Azərbaycana dəstək verməyə başlaması da əvvəlcədən düşünülmüş siyasətin tərkib hissəsi ola bilər. Məlumdur ki, ATƏT-in Minsk qrupu 3 erməni diversantın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıblar. Həmsədrlər 13 aprel açıqlamalarına toxunaraq, tərəfləri minaların təmizlənməsi üçün lazım olan bütün məlumatları paylaşmağa çağırıblar. Həmçinin, tərəfləri davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa səsləyiblər. Lakin bununla paralel öz ermənipərəst mövqelərini təkrarlamağı da unutmayıblar. Rəsmi Bakıya müraciətlə digər “erməni əsirlərin” də qaytarılması yönündə təşəbbüs göstərilməsini istəyiblər. Halbuki, dəfələrlə vurğulanıb ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazilərində ələ keçirilən ermənilər terrorçudur və onların qeyd-şərtsiz Ermənistana qaytarılmasından söhbət gedə bilməz. Azərbaycan Xarici İşlər Nazirliyi də bu çağırışı cavabsız qoymayıb. XİN-dən bildirilib ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil verib: “Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vurub. Əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Diqqətə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bugünədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var. Fransa məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb etməlidir. Əks təqdirdə Azərbaycan cəmiyyətində Fransaya olan etimada ciddi zərbə dəyəcək”.

Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti dövründə heç bir irəliləyişə nail olmaması bu quruma yenidən etimad edilməsini mümkünsüz edir.

Deputatın sözlərinə görə, belə halda Minsk qrupunun hansı istiqamətdə səy göstərəcəyi sual doğurur: “Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini icra etdi və öz ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, belə olan halda Minsk qrupunun bu məsələyə köhnə düşüncə ilə yanaşması yolverilməzdir. Azərbaycan artıq bölgədə yeni reallıqlar yaradıb və bu yeni reallıqlar bölgədə uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib. İndi çox kövrək olan sülhə hər hansı bir müdaxilənin edilməsi prosesi dağıda bilər. Nəzərə alaq ki, Ermənistanda illər boyu Azərbaycanfobiya və Türkiyəfobiya aşılanıb və xalqımıza qarşı nifrət təbliğ olunub. Eyni zamanda Ermənistanda olan revanşist qüvvələr xalqı durmadan zəhərləməklə məşğuldur. Belə məqamda yersiz və qərəzli müdaxilə yeni münaqişənin alovlanmasına gətirib çxara bilər. Bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas yoxdur. Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən 10 noyabr tarixli üçtərəfli bəyanat imzalanıb və xeyli müddəası həllini tapıb. Digər bəndlərin icrası da sürətlə həyata keçirilir. İndiki vəziyyətdə Minsk qrupu yalnı edilməsi və 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsinə dəstək olar bilər. Eyni zamanda bilirik ki, erməni lobbisi Fransada çox böyük təsir gücünə malikdir və həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövrdə Fransa hakimiyyətinin və parlamentinin ermənipərəst mövqeyini açıq şəkildə gördük. Onlar açıq şəkildə ermənilərə dəstək verirlər. Rəsmi Parisin mövqeyi qəbuledilməzdir və belə yanaşmalar heç bir praktik nəticələrə gətirib çıxarmayacaq”.

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə də vurğulayıb ki, Fransa və Rusiyanın təşəbbüsü ilə Minsk qrupu yenidən danışıqlar prosesinə qayıtmaq üçün planlar hazırlayır:

“Bura əsasən, Qarabağda ermənilərə “status” vermək, xüsusilə Hadruta və Xocavəndin nəzarətimizdə olan kəndlərinə ermənilərin köçürülməsidir. Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün S.Lavrov Bakıda təkliflər verəcək. Rusiya çalışır ki, Azərbaycanın nəzarətində olan Hadrut və digər kəndlərə erməniləri köçürməklə sülhməramlı qüvvələrin nəzarətinə alsın. Moskvanın 10 noyabr Bəyannaməsindən sonra Ermənistanın Şirak vilayətindən silahlı qüvvələri Hadrut istiqamətinə gətirib, bölgəni Azərbaycanın nəzarətindən geri almaq planı var idi. Bu planın reallaşdırılması üçün Rusiya sülhməramlıları erməni silahlılarına bütün şərait yaratmışdı. Moskva bu plana Fransanı da daxil etməyə çalışır. Rəsmi Paris Cənubi Qafqazda Türkiyənin artan rolunun qarşısını almaq və ermənilər üzərindən regionda təsirini artırmaq üçün Kremlin təklifinə maraq göstərir. Azərbaycan tərəfi Minsk qrupu formatına əsla qayıtmamalı və Moskvadan gələn bütün təklifləri geri çevirməlidir. Rusiya XİN rəhbərini Ermənistan və Azərbaycana göndərməklə Minsk formatında danışıqların bərpasını təmin etmək istəyir. Buna yol vermək olmaz”.