İranın Qarabağa humanitar yardım göstərməsi çox təhlükəlidir

Tehran yenə öz ampluasındadır, bu ölkə Zəngəzur dəhlizinin açılmasını da istəmir

Növbəti dəfə İrandan qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu çox sayda yük maşını Laçın dəhlizi vasitəsilə Qarabağa gedib. “Azad İran” teleqram kanalında paylaşılan videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndiyə gedən İran nömrəli böyük tutumlu yük maşınlarını aydın şəkildə görmək mümkündür.

Xatırladaq ki, bir neçə gün əvvəl də İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı videolar yayılmışdı. Əlbəttə, tırlarda Qarabağa hərbi təyinatlı yüklər daşınmaya da bilər. Yüklərin həqiqətən humanitar yardım, yaxud tikinti materialları və s. olması mümkündür. Amma Azərbaycan ictimaiyyətinin narazılığı və etirazı onunla bağlıdır ki, Qarabağ ermənilərinə daşınan istənilən yüklərlə bağlı hər ölkə mütləq rəsmi Bakıdan icazə almalı, bizi məlumatlandırmalıdır. Əgər Azərbaycan tərəfi problem görməzsə, o halda bu addım atıla bilər. Laçın dəhlizinə nəzarət bizdə olmadığı üçün bu məsələdə haqlı olaraq Rusiya tərəfi suçlanır. Hesab edilir ki, Azərbaycan Ordusu dəhlizə nəzarəti mütləq ələ almalıdır. Əks halda bu kimi qanunsuz daşımaların, səfərlərin qarşısını almaq imkansız hala gələcək.

Məsələni “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, İran özünü bizə nə qədər “qardaş” sayda sa, öz xarici siyasətini yürüdür. Professorun sözlərinə görə, farslar tarix boyu ermənilərə daha çox maraq göstəriblər: “Məsələ sırf “humanitar yardım”dan ibarət olsaydı, bunu başa düşmək olardı. Amma məsələ çox dərindir. Birincisi, Qarabağ işğal olunan zaman bu işdə İranın böyük xidməti olub. İstər Şuşa və Laçının işğalında, istərsə də sonrakı təcavüzlərdə İranın iştirakı birmənalıdır. 30 ilə yaxın müddətdə İranın ən böyük narkotikası məhz Qarabağ üzərindən ötürülürdü. Çünki Qarabağdan Ermənistana keçən yüklər demək olar ki, yoxlanmırdı. İndi o kanal bağlanıb. İran hətta Qarabağa humanitar yardım göndərsə belə, bu çox təhlükəlidir. Ümumiyyətlə, İranın canfəşanlığı anlaşılan deyil. Görünür, Tehran yenə öz ampluasındadır, xalqımıza qarşı öz nifrətini gizlədə bilmədiyi üçün xəyanətlə məşğuldur”.

C.Nuriyev vurğulayıb ki, İran Zəngəzur dəhlizinin açılmasını qətiyyən istəmir:

“Son zamanlar Rusiya da müxtəlif bəhanələrlə dəhlizin yaradılmasına mane olmağa çalışır. Lavrov İrəvana səfəri zamanı ümumən dedi ki, “əgər Ermənistan razılıq verməsə, Zəngəzur dəhlizi açılmayacaq”. Azərbaycan Xarici İşlər Nazirliyi bu təxribatlara çox sərt reaksiya verməlidir. Bilmirəm, niyə həmişə gecikirik? “Toydan sonra nağara” kimə lazımdır? Sözümüzü vaxtında deməli, reaksiyamızı zamanında verməliyik. Müdafiə Nazirliyimiz də prosesə qoşulmalıdır. Əgər həqiqətən başqa yolumuz yoxdursa, onda Laçın dəhlizini partladaq, yolu sıradan çıxardaq. Qanunsuz yüklər daşınan zaman Laçın dəhlizi partladılmalıdır. Axı bu dəhliz necə Azərbaycan ərazisidir ki, ermənilər və onların himayədarları hər cür təxribatı törədirlər, amma biz müdaxilə edə bilmirik. Onsuz da Kəlbəcər yolumuz bağlıdır. Hələ də Kəlbəcərə gedən yüklər Rusiya sülhməramlılarının müşayiəti ilə daşınır. Separatçı Araik Arutyunyan isə Qarabağda sərbəst gəzib-dolaşır və biz buna göz yummaq məcburiyyətində qalırıq. Onu məhv etməliyik. Hadisələrin arxasınca sürünsək, başımız çox ağrıyacaq”.