Lavrov Bakıda daha ehtiyatlı cümlələrdən istifadə edəcək - Politoloq

“Tərəflərin üst-üstə düşməyən, bir-birinə zidd olan ciddi yanaşmaları mövcuddur"

“Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycandan öncə Ermənistana səfəri bizdə narahatlıq yaratsa da, əslində bu məqam əlimizi daha güclü edir”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Analitik bildirib ki, Lavrovun ilk səfərini



Yerevana etməsi göstərir ki, Rusiya daha çox Ermənistandan narahatdır: “Şübhə yox ki, Lavrov Bakıya gələrkən onun çantasında “hərbi əsirlər” məsələsi də olacaq. Rusiya XİN başçısı maksimum dərəcədə erməni diversantların Ermənistana təhvil verilməsi ilə bağlı danışıqlar aparacaq. Əslində rəsmi Bakı üçün erməni diversantların elə də əhəmiyyəti yoxdur. Sadəcə olaraq dəfələrlə vurğulandığı kimi erməni diversantların qarşılığında minalanmış ərazilərin xəritələri və Birinci Qarabağ müharibəsində itkin düşən 4000 azərbaycanlının aqibəti barədə məlumat verilməlidir. Lavrovun çantasında nə olmasından asılı olmayaraq, Kreml çox yaxşı bilir ki, rəsmi Bakının qarşı tərəfdən öz tələbləri olacaq. Xüsusən “İsgəndər-M” raketləri hələ də aktuallığını qoruyan məsələdir. O cümlədən Xəzər dənizi vasitəsi ilə Ermənistana daşınan 500 ton silah-sursatın da cavabı verilməyib. Yəni indiki məqamda Lavrova ünvanlanacaq konkret suallar çoxdur”.

Ekspertin fikrincə, Lavrovun Ermənistanla Azərbaycana səfər tarixi arasındakı 4 günlük fasilə önəmli detaldır: “Ermənistan səfərində Yerevan üçün narahatlıq doğuran məsələlər müzakirə olundu. Rusiya baş diplomatının “hərbi əsirlər” və Zəngəzur dəhlizi ilə bağlı söylədikləri də mühüm idi. Ermənistan tərəfinin isə öz istəkləri var. Şübhəsiz, Lavrov Bakıya konkret təkliflərlə gələcək. İki səfər arasındakı 4 günlük fasilə Kremlin götür-qoy etməsi üçündür. Əgər ermənilər xəritələri və iktinlərlə bağlı məlumatı verməyə razı olarsa, diversantların geri qaytarılması müzakirə oluna bilər. Ərazimizdə ələ keçən ermənilər “əsir” yox, terrorçudur və onları verməmək hüququna malikik. Lavrovun çıxışında xüsusi məqamlardan biri baş diplomatın Zəngəzur dəhlizinin “tərəflərin qarşılıqlı razılığı və icazəsi əsasında” açılacağını bəyan etməsi idi. Əslində belə şey yoxdur. Çox güman ki, Lavrov bu ifadəni Ermənistanda yüksələn anti-Rusiya ovqatını nəzərə alaraq dilə gətirib. Zəngəzur dəhlizi 10 noyabr Bəyannaməsində öz əksini tapmış məsələdir. Real yanaşsaq, bu dəhliz ilk növbədə Moskvanın maraqlarına uyğundur. Gec-tez dəhlizin icrası reallaşacaq”.

T.Rzayev vurğulayıb ki, indiki halda Moskvanın Yerevan və Bakıdan istədiyini alacağı şübhəlidir: “Tərəflərin üst-üstə düşməyən, bir-birinə zidd olan ciddi yanaşmaları mövcuddur. Belə şəraitdə uzlaşma mürəkkəb görünür. Ermənistanda Zəngəzur məsələsi ilə bağlı birmənalı fikir yoxdur. Rəsmi Bakının mövqeyi isə prinsipialdır. Yəni Lavrovun Yerevan və Bakı arasında hansısa məsələni tam razılaşdırması mümkünsüzdür. Fikrimcə, Rusiya XİN rəhbəri Bakıda daha ehtiyatlı cümlələrdən istifadə edəcək. Daha doğrusu, Yerevana verdiyi “dəstəkdən” Bakıya da verəcək”.