Erməni lobbisi Azərbaycanın imicini ləkələmək üçün min oyundan çıxır

ABŞ konqresində ermənilərin oyuncağı Kris Smit parlamenti qondarma “Artsaxa” dəstək olmağa və 50 milyon dollar yardım etməyə çağırıb. Əlbəttə, 44 günlük müharibədən sonra qondarma respublikanın adını hər hansı bir tədbirdə, iclasda, ələlxüsus parlamentdə çəkmək, üstəlik separatçılara maliyyə yardımı etmək - beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Nəinki “Dağlıq Qarabağ respublikası”, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsi belə artıq çəkilmir.

Siyasi şərhçi Anar İmanov “Şərq”ə bildirib ki, revanşistlərə və separatçılara dəstək çağırışları, Azərbaycana qarşı ikili standartlar bundan sonra da uzun illər davam edəcək. Onun sözlərinə görə, bu cür fəaliyyət Azərbaycana qarşı təzyiq mexanizmidir:


“21-ci əsrdə bu cür fəaliyyət yolverilməzdir. Ölkələr bir-biri ilə normal əməkdaşlıq qurmalı, siyasətdə şantaja, qərəzə yer olmamalıdır. Başqa bir məqam erməni lobbisinin pulu ilə bağlıdır. Ermənilərin pulla satın aldıqları fiqurlar Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər. Qərbin qərəzli yanaşmaları həm də Rusiyaya qarşı yönəlib. Minsk qrupunun həmsədrləri - ABŞ və Fransa Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması üçün heç bir iş görə bilmədi. İndi isə nəsə iş görməyə çalışanlara mane olmağa çalışırlar. Erməni lobbisi Azərbaycanın imicini ləkələmək üçün min oyundan çıxır. Bu yaxınlarda BMT-nın ofisi qarşısında aksiya keçiriblər. Ermənilər Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə çıxarmış BMT-nin qərarlarını icra etmədikləri halda utanmadan, həyasızcasına təşkilatın qarşısına toplanıb, “ədalət” tələb edirlər. Bax, budur erməni xisləti. Ermənilərdən və düşmən diasporasının yoldan çıxartdığı qərblilərdən hər pisliyi gözləmək olar. Lakin artıq bu kimi cəhdlərin təsir imkanları zəifləməkdədir. Zamanla belə absurd təşəbbüslər tamamilə gündəmdən çıxacaq”.