Türkiyənin regionda apardığı siyasətlə uzlaşmış bir şəkildə mövqe göstərməliyik - AYP sədri

"Azərbaycan barışdırıcı və ya sakitləşdirici missiya ilə çıxış edə bilər".

"Sherg.az" xəbər verir ki, bunu sosial şəbəkədə AYP sədri Anar Əsədli yazıb. 

Partiya rəhbəri bildirib ki, İsrail-Fələstin münaqişəsi artıq bütün bəşəriyyəti narahat edəcək həddə çatıb: 

"Tərəflərdən hansının haqlı olmasından asılı olmayaraq, heç bir halda qəbul edilməyəcək uşaq ölümləri, dini məbədlərə hücumlar, terraktlar bu qanlı münaqişənin çox uzandığının, hər iki xalqın sonu görünməyən faciəsinə çevrildiyinin göstəricisidir. Hər iki xalqla olan mənəvi bağlardan danışarkən biz əlbəttə ki, İsrail dövləti ilə olan qardaşlıq və dostluq münasibətlərimizi önə çəkməliyik. Fərdi bir yəhudidən tutmuş İsrail dövlətinin mövqeyinə qədər dünyanın hər yerində və hər zaman yanımızda olan xalqa hər zaman dəstək vermək bizim də borcumuzdur. 20 Yanvar hadisələrində SSRİ-ni pisləyən İsrail oldu, müstəqilliyimizi ilk tanıyan İsrail oldu, yəbudi lobbisinin azərbaycanlılara olan xüsusi sevgisi də xaricdə yaşayan azərbaycanlılara yaxşı məlumdur. Bundan fərqli olaraq, Fələstinin ermənipərəst mövqeyi, erməni "soyqırımı"nı tanıması, küçələrinə erməni adı verilməsi və s. İranın yanında durub, anti-Azərbaycan mövqeyi sərgiləməsi də sirr deyil".

A.Əsədli vurğulayıb ki, Türkiyənin regionda apardığı siyasətlə uzlaşmış bir şəkildə mövqe göstərməmiz vacibdir: 

"Məhz bu səbəbdən Azərbaycanın barışdırıcı və ya sakitləşdirici missiya ilə çıxış etməsi məntiqlidir".