“Gördüklərimizdən bəlli oldu ki, ermənilər bu torpaqların onlara məxsus olmadığını anlayırdırlar”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında bu yaxınlarda Azərbaycanın işğaldan azad etdiyi Ağdam şəhərində səfərdə olmuş Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzinin tədqiqatçı-professoru, tarixçi, islamşünas, Kərim İfrak deyib.
K.İfrak bildirib ki, Ağdamda gördükləri onu sarsıdıb:
“Bu ərazi bizə “ruhlar şəhəri”ni xatırlatdı. Atom bombasının partlayışı nəticəsində baş verən dağıntılara bənzər dağıntılar gördük. Bu şəhərdə törədilənlər, əhalisinin son nəfərədək yoxa çıxması çox böyük kədər və təəssüf hissi doğurur. Gördüyümüz dəhşətlərdən biri də ziyarət ocaqlarının dağıdılmasıdır. Dağıdılmış məscidlərin birində olduq. Binanın içindəki divarın mərmərləri sökülüb, qiymətli nə varsa qopardılaraq aparılıb. İstifadəyə yararlı heç bir əşyanı salamat görmədik”.
K.İfrak əlavə edib ki, Ağdamın infrastrukturunun bərpasından sonra sakinlərin öz doğma evlərinə dönüşü regionun canlanmasına müsbət təsir edəcək:
“Onilliklər ərzində işağl altında saxlanılan şəhərdə törədilənlər ermənilərin burada daimi qalmayacaqları fikrində olduqlarını göstərir. Gördüklərimiz bizə müvəqqəti bir evə köçən kirayəşini xatırladırdı. Ermənilər bir həftə, bir aydan sonra qaldıqları evi tərk edəcəyini bildiyi üçün heç bir təmir işi görməyən kirayəşin təəsüratı yaratdılar. Lakin bütün bunlar arasında bircə ürəkaçan Azərbaycanın bu şəhərə həyat vermək üçün başladığı tikinti işləridir. Şəhərdə elektrik, qaz, su çəkən maşınlar gördük. Bütün bunlar Azərbaycanın əsaslı dəyişikliklər etmək, şəhərə yeni həyat vermək istəyini nümayiş etdirir. Otuz il bundan əvvəl torpaqlarından qovulan məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra regionun canlanması üçün öz töhfələrini verəcəklər”.
Fransalı professor Azərbaycana səfəri zamanı Gəncə şəhərində də olduğunu bildirib:
“Gəncədə ermənilər tərəfindən atılan ballistik raket nəticəsində yaranan dağıntıları gördük. Gecə atılan raket onlarla insanın ölümünə səbəb olub. Raket atəşi nəticəsində torpaqda böyük çuxur əmələ gəlib. Bu dəhşətli mənzərə bizi sarsıtdı”.