Rusiyadan müəmmalı oyun: “Gah Koçaryan, gah da Paşinyana “stavka”...

Ermənistandakı seçkilərdə qarşıdurma yarana, hətta silahlı hücumlar, vətəndaş müharibəsinə səbəb olacaq məqamlar yaşana bilər”

“Rusiya isə vəziyyətin qarışıq olduğunu görüb proseslərə müdaxilə edə, Ermənistandakı bütün idarəçiliyə nəzarəti əlinə götürə bilər”

“Ermənistanın taleyi Rusiyadan asılıdır desək, yanılmarıq”               


Ermənistanda istefalar davam edir. Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib. Nazir müavinin istefa ərizəsini hələ mayın 27-də XİN rəhbəri Ara Ayvazyan istefa verərkən yazdığı bildirilir. Anna Naqdalyan erməni KİV-ə açıqlamasında özünün də istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Ara Ayvazyanın digər müavinlərinin də istefa vermək niyyətində olduğunu yazmışdı.

İrəvandakı kütləvi istefaların gələcək nəticələrini “Sherg.az”a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq  Qabil Hüseynli bildirib ki, kütləvi istefalar ciddi hakimiyyət böhranından xəbər verir:

“Məqsəd Paşinyanın seçkilərdəki mövqeyini zəiflətməkdən ibarətdir. Paşinyana əsasən Rusiya istiqamətindən hücum edirlər: Onun antirus mövqedə olduğunu sübut etmək üçün generalları qabağa verirlər. Məsələn, Ermənistan Baş Qərargah rəisinin müavini, general-leytenanat bildirir ki, “müharibə dövründə bəzi raketlərdən (yəqin ki, “İskəndər -M”i nəzərdə tuturlar) atəş açmaq üçün Rusiyadan icazə alınmalı idi. Lakin Paşinyan mənə dedi ki, “Rusiya kimdir? Ali baş komandan mənəm və əmr edirəmsə, atəş açılmalıdır” ”.

Bununla da Rusiyanın bölgədəki mövqeyinə kölgə salmağa çalışırlar. Onsuz da Rusiya bölgədə müəmmalı oyun oynamaqdadır. Rusiya Paşinyana müəyyən məsələləri söyləyir, digər tərəfdən isə Robert Koçaryanın mövqeyini möhkəmləndirmək üçün hansısa addımın atılmasına çalışır”.

Q.Hüseynli qeyd edib ki, Ermənistandakı istefalara baxmayaraq, Paşinyanın reytinqi hələ də yüksəkdir:

“Seçkilərdə qarşıdurma yarana, hətta silahlı hücumlar, vətəndaş müharibəsinə səbəb olacaq məqamlar yaşana bilər. Rusiya isə vəziyyətin qarışıq olduğunu görüb proseslərə müdaxilə edə, Ermənistandakı bütün idarəçiliyə nəzarəti əlinə götürə bilər. Beləliklə, seçkilər Rusiyanın nəzarəti altında keçirilər. Rəsmi Moskva isə bu seçkilərdə nəyi bilirsə onu da edəcək. Ona görə də Ermənistanın taleyi Rusiyadan asılıdır desək, yanılmarıq”.