Bölgədə ən böyük MİNA Ermənistandır

ABŞ da, Fransa da bu ölkənin təxribatlarına, sülhün yaranmasına əngəl törədən əməllərinə susqunluq nümayiş  etdirdi

"Elmar Məmmədyarov dönəmi bitib, amma yenə xaricdəki diplomatlarımız istədiyimiz gözləntiləri vermirlər"


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında 6 erməni diversant haqda deyilən ifadələr təşkilatın sərgilədiyi qərəzli mövqeni bir daha sübut etdi. Qurumun Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər barədə və diversiya qrupunun Azərbaycan ərazilərinə daxil olaraq, təxribat aktı törətmək cəhdindən bir kəlmə belə demədiyi halda, 6 diversantı müdafiə etməsi siyasi riyakarlıqdır. 27 ildir formal fəaliyyət göstərməsinə rəğmən, münaqişənin nizama salınmasında heç bir effektiv iş görməyən Minsk qrupu bu gün də boş və mənasız bəyanatlar verməkdədir. Halbuki, bütün gün “demokratiyadan” dəm vuran Qərb dövlətləri tərəfsizliyini qorumalı, ən azından sülhə çağırış etməli, yeni reallıqlar çərçivəsində fəaliyyət göstərdiyini ortaya qoymalıdır.

Ötən gün Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı zamanı sərhəddə baş verən gərginliklərə görə bütün məsuliyyətin Ermənistan tərəfində olduğunu deyib. Nazir bildirib ki, Azərbaycanın minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda Ermənistan tərəfinin bu kimi təxribatlara əl atması, ərazilərimizə təcavüz edərək yeni minalar basdırmağa cəhd etməsi yolverilməzdir. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında vurğulayıb ki, Qərbin Azərbaycana yad münasibəti hamıya bəllidir. Partiya rəhbərinin sözlərinə görə, bu cür münasibətin bir neçə səbəbi var. İlk səbəb qərəzli mövqedir. 30 ilə yaxın müddətdə Azərbaycanın işğal altında qalmış torpaqları ilə bağlı Qərb dövlətləri faktiki heç bir rasional addım atmadı.

Qərbin aparıcı ölkələri, xüsusən ABŞ və Fransa Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərdikləri müddətdə bir dəfə olsun Azərbaycanın yanında olmadılar. Əksinə, torpaqlarımızın işğal altında qalmasını rəsmiləşdirmək istiqamətində addımlar atıldı. Münaqişənin həllinə deyil, dondurulmasına, “status-kvo”nun qorunub saxlanmasına çalışdılar ki, zaman keçdikcə Azərbaycan torpaqlarının itirilməsi reallığı ilə barışmaq məcburiyyətində qalsın. Burada həm xristian təəssübkeşliyi, həm də türk dünyasına mənfi münasibət mühüm rol oynayırdı. Ələlxüsus, Türkiyənin regionda və dünyada söz sahibinə çevrilməsindən, müharibədə bizə verdiyi mühüm dəstəkdən sonra Qərb dövlətləri daha çox təşvişə düşdü. Ritorikaları daha da sərtləşdi. Şübhə etmirəm ki, Qərb hökumətləri Ermənistanın uzun müddət yürütdüyü işğalçılıq siyasətindən, davamlı təxribatlarından xəbərdardırlar. Məqsədyönlü şəkildə reallığı görməzdən gəlirdi və “kor tutduğundan buraxmaz” prinsipinə uyğun hərəkət edirdilər. İndi də eyni mövqedədirlər”. 

A.Əlizadə vurğulayıb ki, müharibədən 6 ay keçməsinə, Azərbaycan tərəfinin minalanmış ərazilərin xəritələri ilə bağlı dəfələrlə məsələ qaldırmasına baxmayaraq, İrəvan hökumətindən müsbət addım atılmayıb: "Ermənistana təzyiqlər edilmədi. Əksinə, bu ölkənin təxribatlarına, sülhün yaranmasına əngəl törədən əməllərinə susqunluq nümayiş etdirildi.

Minalanmış ərazilərin xəritələrinin verilməməsinə görə 22 nəfər insanımız həyatını itirdi, çoxsaylı vətəndaşımız yaralandı. İşğaldan azad edilmiş rayonlarımızın acınacaqlı vəziyyəti, erməni barbarlığının izləri də göz önündədir. Bu qədər real hadisəyə layiqli qiymət verməyən Qərb ölkələri Azərbaycan ərazisinə keçərək terror və diversiya ilə məşğul olmağa çalışan ermənilərin sərbəst buraxılmasını tələb edirlər. Açıq görünür ki, Qərb dairələrinin ədalətlə, regional sülh və əməkdaşlıqla bağlı narahatlıqları yoxdur. Bu məsələlər ümumiyyətlə onları maraqlandırmır”. 

Partiya sədri diplomatiyamızın bu məsələdə axsadığını söyləyib:

“Qərbin bizi qane etməyən münasibətinin səbəblərindən biri budur. Sabiq XİN rəhbəri Elmar Məmmədyarovun yerində olmayan nazir olduğunu dəfələrlə gündəmə gətirirdik. Onun zamanında müxtəlif ölkələrdə səfir kimi çalışanların, diplomatik korpus nümayəndələrinin də fəaliyyəti bərbad idi. Bəzi diplomatların fəaliyyəti nəinki xeyir gətirir, əksinə, bizə ziyan vururdu. Çoxu öz şəxsi marağına, biznes fəaliyyətinə və çalışdıqları ölkənin mövqeyinə uyğun hərəkət edirdi. Azərbaycanın maraqları isə tamamilə arxa planda qalırdı. Müharibədən sonra bu sahədə ciddi dəyişiklik gözləyirdik. Əfsuslar olsun ki, hələ də istədiyimiz effekti görə bilmirik. Diaspora təşkilatlarımızın bəziləri faktiki olaraq fəaliyyət göstərmirlər. Ayrı-ayrı diaspora nümayəndələri ilə görüşüb, müəyyən tədbirlər təşkil etmək Azərbaycanın təbliğatı sayılmır. Həqiqətlərimizi dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırmalıyıq. Hansısa Qərb dövləti, yəni konkret hökumət rəsmi Bakıya qarşı qərəzli ola bilər. Biz həmin ölkələrin ictimaiyyətinə nüfuz etməli, təbliğatı onlar arasında aparmalıyıq ki, haqqın-ədalətin yanında olsunlar. Unutmayaq ki, beynəlxalq ictimaiyyət hökumətlərə təsir imkanına malikdir”.