"Erməni layihəsi Rusiyada yenidən işə başladı"


Elçin Mirzəbəyli təxribatçıların izinə düşüb

“Qlobal miqyasda ictimai rəydə gerilədiklərini iddia edən “revanşçılar” “Erməni layihəsi” (Armenian Project) adlı təbliğat-təxribat kampaniyasına start veriblər”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Politoloq bildirib ki, ermənilər başlanğıc məkan kimi Rusiyanın mərkəzi şəhərlərini seçiblər: “Layihənin həyata keçiriləcəyi dövr ərzində Rusiyanın böyük şəhərlərində erməni diasporunun və lobbisinin nümayəndələri ilə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin rəhbəri Varujan Qeqamyan türkoloqdur və Zəngəzur dəhlizinin açılmasının ən qatı əleyhdarlarından biridir. Qeqamyan Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsini bitirib və elə bu universitetin aspiranturasında əyani təhsil alıb.

Elmi işinin mövzusu “İsmət İnönünün prezidentliyi dövründə Türkiyədəki sosial-mədəni dinamika”dır. Varujan Qeqemyanın elmi rəhbəri Ermənistan Elmlər Akademiyası ilə yaxından əməkdaşlıq edən, Rusiyanın elmi dairələrində ermənilərin lobbiçiliyi ilə məşğul olan Viktor Boçarevdir”.

Analitik vurğulayıb ki, Qeqamyan Sankt-Peterburqda təhsil aldığı müddətdə erməni diasporunun fəal üzvlərindən olub:

“O, Ara Abramyan və digər diaspor rəhbərləri ilə yaxından əməkdaşlıq edib. Qeqamyanın layihəsini də Ara Abramyan və Robert Koçaryanın maliyyələşdirildiyi bildirilir. Layihənin əsas məqsədi Türkiyə-Rusiya münasibətlərinin inkişafı, həmçinin Zəngəzur dəhlizinin əleyhinə təbliğat aparmaqdan ibarətdir. Hər halda “Erməni layihəsi”nin Azərbaycanın müvafiq qurumları və diaspor təşkilatları tərəfindən diqqət mərkəzində saxlanılacağına ümid bəsləyirəm”.