Liderlərin səyləri məntiqi nəticəyə yaxınlaşır

İki qardaş ölkənin hakim partiyaları arasında sıx əməkdaşlıq, təmasların artması zərurətdən irəli gəlir


Bakıda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxış edib. Kurtulmuş bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri əbədidir, sarsılmazdır. O bildirib ki, 44 günlük müharibə zamanı Türkiyə dövləti və xalqı birmənalı Azərbaycanın yanında idi: “Dövlət başçısı İlham Əliyevin qətiyyətli duruşu və ordusunun gücü ilə Qarabağ azad olundu. Qarabağ Zəfəri təkcə erməni işğalına son qoymadı, həmçinin regionda yeni reallıqlar yaratdı.

Bu Qələbə bizim üçün də qürur mənbəyidir. Bu Zəfərin miqyası qarşıdakı illərdə daha aydın görünəcək. İki ölkənin siyasi partiyaları arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyi var”. Kurtulmuş əlavə edib ki, ortaq mədəniyyət dəyərlərinin necə inkişaf etdirilməsi baxımından Gəncədə konfrans keçiriləcək: “Səfər çərçivəsində iki siyasi partiyanın əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi görüşlərimiz olacaq”. 

Baş nazirin müavini Əli Əhmədov da bildirib ki, bu gün Azərbaycan və Türkiyə dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır:

“Türkiyə-Azərbaycan qardaşlığı “Bir millət, iki dövlət” prinsipi əsasında qurulub. Həm Türkiyə, həm də Azərbaycan xalqları bu formul əsasında yaşayırlar. 44 günlük Vətən savaşında bütün dünya Türkiyənin Azərbaycana dəstəyinin şahidi oldu. Bu dəstək, eyni zamanda, Türkiyənin qüdrətinin daha bir təsdiqi idi. Dövlətlərimiz arasındakı əlaqələrə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri böyük töhfə verir”. 
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının sədr müavini,Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov başda olmaqla hakim partiyanın nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının dəvəti ilə 1-3 iyun tarixlərində qardaş ölkədə səfərdə olub. Səfər zamanı YAP nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəhbər şəxslərlə görüşlər keçiriblər. Eyni zamanda, hər iki partiya arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Ümumiyyətlə, keçirilən görüşlərdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq parlamentlər səviyyəsində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir. Həmçinin, münasibətlərin daha da sıxlaşdırılması, gələcəkdə birgə layihələrin, tədbirlərin keçirilməsi qərara alınıb. 

Millət vəkili, YAP-ın İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq”ə deyib ki, iki qardaş ölkənin hakim partiyaları arasında sıx əməkdaşlıq, təmasların artması zərurətdən irəli gəlir. Deputatın sözlərinə görə, son zamanlar Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsini yaşayır:

“Türkiyənin hakim partiyası AK Partiyanın idarə heyətinin Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana gəlməsi əlamətdar hadisədir. Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycan Türkiyə ilə müttəfiqlik sənədinə də imza atdı. Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pilləyə çatması iki dövlətin lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səylərinin məntiqi nəticəsidir. Bunun arxasında böyük fəaliyyət dayanır. Bu baxımdan da Yeni Azərbaycan Partiyası ilə AK Partiyanın birgə fəaliyyəti zərurətdən irəli gəlir”.

Parlament üzvü vurğulayıb ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqovun rəhbərliyi ilə nümayəndə heyəti, sədr müavini Türkiyəyə səfər edib və bir çox məsələlər haqqında müzakirələr aparılıb: “Bu gün də qardaş ölkənin hakim partiyası AK Partiyanın Azərbaycana səfər etməsi və səfər çərçivəsində bir çox məsələlərin müzakirəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələyə çox böyük töhfə verəcək.

İki partiyanın bir-birinə inteqrasiyası Azərbaycan-Türkiyə qardaşlığını bir qədər də möhkəmləndirəcək. Azərbaycan və Türkiyə dünyada ikinci örnəyi olmayan qardaşlıq əlaqələrinə malikdir”.