Saatlar Kreml vaxtı ilə işləyir

Hakimiyyətdən erkən sala bilərlər

Paşinyanın Moskva ilə qarşıdurması gözlənilir


Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan yeni hökumət formalaşdırmaq yolunda Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə qərb mərkəzləri tərəfindən idarə olunanları təyin edir. Həmçinin, Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər də təyinat alanlar arasındadır. Erməni tərəfinin bu addımları rusların və Rusiya meyilli dairələrin, həmçinin rusiyalı sülhməramlıların diqqətindən yayınmır və etirazlarına səbəb olur.

Zəngəzur bölgəsində yerləşdirilmiş Rusiya hərbçiləri yerli əhali ilə münasibət qurarkən öz narazılıqlarını gizlətmir və açıq şəkildə İrəvan hökumətini suçlayırlar. Onlar “Ermənistan və Azərbaycan sərhədində gərginlik məsələsində Ermənistan hakimiyyəti günahkardır” deyirlər. Erməni tərəfi isə “Rusiya öz öhdəliyini yerinə yetirə bilmir” təəssüratı yaratmaq üçün əlindən gələni edir. Rusların fikrincə, Ermənistan bunu yalnız bir məqsədlə, yəni qərbin qoşunlarını prosesə cəlb etmək üçün edir. 

Politoloq Azər Qasımov “Şərq”ə vurğulayıb ki, Paşinyanı hakimiyyətə gətirən Qərbin onun planlarına uyğun hərəkət edəcəyi heç kimdə şübhə doğurmur. Analitikə görə, Paşinyanın Rusiyanı ölkədən çıxarmaq üçün ortaya atdığı əsas arqument “Moskvanın Ermənistanın təhlükəsizliyini təmin edə bilməməsi” reallığını cəmiyyətə göstərməkdir:

“Paşinyanın istər müharibə, istərsə də sonrakı dövrlərdə tez-tez Moskvaya zəng etməsi buna hesablanmışdı. Onun Kremllə qarşıdurması mümkündür. Elə hakimiyyətə də sırf bu məqsədlə gətirilib.

Son günlər regionda qarşıdurmanın gərginləşməsi və Paşinyanın 10 noyabr müqaviləsindən imtina etmək istəməsi bunu sübut edir. Məsələnin mahiyyətinə sadə yanaşsaq, Paşinyanın planları uğurlu ola bilər.

Paşinyan fərqindədir ki, Qərbin oyunlarının sonunda regionda Rusiya və Azərbaycanla təkbətək qalacaq.

Çünki Qərb İrəvana Gürcüstan və Ukraynaya verdiyi “dəstək”dən artığını verməyəcək. Nəticədə Ermənistanın da ərazisi digər “dəstək” alan ölkələrin vəziyyətinə düşəcək”.