Bakı Bəyannaməsi əsas baza olacaq

Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi ittifaqı əslində, o qədər də uzaqda deyil


Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalandı. Ümumən, üç dövlət arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasında parlamentar dialoqu və əməkdaşlığı gücləndirməyin vacibliyi vurğulandı. Azərbaycan, Pakistan və Türkiyənin öz bölgələrində sülhü, sabitliyi və inkişafı inşa etdirdikləri qeyd olundu. Mövcud əlaqələri gücləndirmək üçün daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrinin intensiv olmasına qərar verildi. Regional və qlobal məsələlərdə üç qardaş ölkənin eyni mövqe sərgiləyəcəyi bəyan olundu.

Ekspertlərə görə, Bakı Bəyannaməsinin mahiyyəti odur ki, geosiyasi vəziyyəti nəzərə alaraq regional və qlobal miqyasda yeni dəst-xətt yaradılır. Bəyannamə çox mühüm regionu əhatə edir. Azərbaycan Pakistan və Türkiyə ilə birlikdə istənilən ölkələrlə vasitəçilik missiyasını yerinə yetirə biləcək, heç bir hərbi blokun üzvü olmasa da, hər bir dövlətlə normal münasibət saxlaya biləcək dövlətdir. Bu sənədin parlamentlər arasında imzalanması çox mühüm əhəmiyyət kəsb edir.

Çünki qanunvericilik səviyyəsində müəyyən qərarların qəbul edilməsinin qanuniləşdirilməsi məsələsi böyük mahiyyət daşıyır. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında prezidentlər səviyyəsində imzalanmış və icra mexanizmi göstərilən bir sənəddir. Hazırkı bəyannamə isə qanunvericilik aktlarının həyata keçməsi üçün bir sənəddir. Orta Asiyada və digər bölgələrdə baş verən hadisələr göz qabağındadır. Yəni Azərbaycanın bu üçlü ittifaqda qanunvericilik səviyyəsində təmsil olunması çox mühüm əhəmiyyət kəsb edir. 

“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Türkiyə və Pakistan Azərbaycana dost-qardaş ölkələrdir. Ekspertin sözlərinə görə, bu reallıq artıq dəfələrlə öz təsdiqini tapıb, tarixin sınağından keçib:

“Azərbaycan və Türkiyə artıq strateji müttəfiqdir. Şuşa Bəyannaməsi hər iki ölkənin üzərinə qarşılıqlı olaraq, hərbi öhdəliklər qoyur. Şuşa Bəyannaməsi ilə həm Azərbaycan, həm də Türkiyə bir-birinin ərazi bütövlüyünə qarşı xarici təcavüz olacağı təqdirdə, dərhal hərbi müdaxilə hüququna malikdirlər. Şuşa Bəyannaməsi yaxın gələcəkdə ehtiyac yaranacağı təqdirdə, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinə də açıq qapı buraxıb.
Pakistana gəldikdə isə rəsmi İslamabad Azərbaycanın müstəqilliyinin ilk anlarından Azərbaycanı təmənnasız olaraq dəstəkləyir. İndiyə qədər bütün ağır məqamlarda daim Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsi dövründə də Pakistan beynəlxalq məkanda Azərbaycana hərtərəfli siyasi dəstək verdi. Eyni zamanda, rəsmi İslamabad Azərbaycana hərbi dəstək də təklif etmişdi. Sadəcə, Azərbaycan Ordusunun hərbi qüdrətinə və döyüş qabiliyyətinə güvənən rəsmi Bakı həmin təklifə təşəkkür etməklə kifayətləndi”. 

Siyasi şərhçi bildirib ki, Pakistan Azərbaycan və Türkiyəni birləşdirən “Bir millət, iki dövlət” prinsipinin məzmunca genişləndirilməsini də təklif edirdi:

“Əslində, Bakı Bəyannaməsi də elə həmin yeni modelin tədricən reallaşdırılması istiqamətində atılan ilk addım sayıla bilər. Hələlik üç qardaş ölkə bu model üzrə öz bir çox sahələr üzrə geniş əməkdaşlıq öhdəliklərini təsdiqləmiş oldular. Eyni zamanda, Bakı Bəyannaməsində yer alan “Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər” bəndi bu üç ölkə arasındakı əməkdaşlıq modelinin gələcək perspektivlərini təsəvvür etməyə imkan verir.

Belə anlaşılır ki, Azərbaycan, Türkiyə və Pakistan yaxın gələcəkdə vahid hərbi-siyasi güc mərkəzi kimi birləşmək barədə düşünməmiş deyillər. Yəni Bakı Bəyannaməsi tezliklə bu üç dövlətin hərbi-siyasi müttəfiqliyi ilə qurulacaq ittifaq üçün əsas baza sənədinə də çevrilə bilər. Bu baxımdan, Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi ittifaqı əslində, o qədər də uzaqda deyil. Bu, tezliklə reallığa çevrilə bilər”.

Analitikə görə, Bakı Bəyannaməsi böyük əhəmiyyət daşıyan bir sənəddir:

“Bu sənəd müəyyən mənada beynəlxalq siyasi iradə mərkəzlərinə açıq mesaj xarakteri daşıyır. Artıq dünyada anlayırlar ki, yeni hərbi-siyasi iradə mərkəzi yaranmağa başlayıb. Bu, Azərbaycanın təhlükəsizlik maraqları baxımından da böyük önəm daşıyan bir sənəddir. Onu da nəzərə almaq lazımdır ki, Pakistan dünyada yeganə müsəlman nüvə dövlətidir. Eyni zamanda, Türkiyə kimi, Pakistan da güclü hərbi-sənaye kompleksinə sahibdir. Pakistanın istehsal etdiyi müasir silah növləri dünya bazarında böyük tələbatla qarşılanır.
Bu baxımdan, Azərbaycan üçün Pakistan kimi güclü silah istehsalçısı ilə strateji münasibətlərin qurulması böyük üstünlük sayıla bilər”.